Koronavirusla mübarizəyə mane törədən həkim şəbəkəsi ifşa olunacaq

Koronavirusla mübarizəyə mane törədən həkim şəbəkəsi ifşa olunacaq
Oxunma sayı: 5309

Ötən ilin fevral ayından Azərbaycanda koronavirus (COVID-19) yayılmağa başlasa da, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən görülmüş işlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. 

Sözsüz ki, bu məqamda dövlət başçısının vətəndaşlara “Biz birlikdə güclüyük!” çağırışını etməsi də, mübarizənin özəyini təşkil edir. 

İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Prezidentin göstərişi ilə modul tipli xəstəxanalar yaradıldı, koronavirusla mübarizədə iştirak edən tibb personalının maaşı ikiqat artırıldı, ölkədə tibbi maskaların istehsalı ilə məşğul olan müəssisə fəaliyyətə başladı və başqa işlər görüldü.

Artıq bir müddətdir ki, ölkədə vaksinasiya prosesinə də start verilib. Ümumilikdə, dövlət tərəfindən koronavirusla mübarizəyə bugünədək iki milyard manat vəsait xərclənib.

Buna qədər isə Koronavirusla Mübarizəyə Dəstək Fondu və profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Sözsüz ki, atılan bütün addımlar vətəndaşların sağlamlığının qorunması, ölkəmizdə normal həyatın bərpası baxımından olduqca əhəmiyyətli idi.

Bu çətin dövrdə dövlət başçısının qlobal bəla ilə mübarizəsi təkcə ölkə əhalisi tərəfindən deyil, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildi və dəfələrlə qeyd edildi ki, Azərbaycan koronavirusla ən yaxşı mübarizə aparan ölkələrdən biridir.

Pandemiyanın müşahidə edildiyi ilk dövrlərdə ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin bir nümunəsi olaraq 10 milyon dollar könüllü ianə edildi, eləcə də, 30-dan çox dövlətə humanitar yardım göndərildi.

Məlumdur ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsini dövlət həyata keçirir, xəstəxanalarda xəstələr pulsuz müalicə olunurlar. Hətta bir müddət əvvəl tibb müəssisələrində xoşagəlməz halların, tibb işçilərinin qanunsuz pul tələbinin qarşısını almaq məqsədilə xüsusi qaynar xətt də yaradıldı.

Təəssüf ki, dövlətin koronavirusla mübarizəsinə maneə törədən şəxslər də var. Ən təəssüfləndirici məqam isə ondan ibarətdir ki, bu şəxslərin çoxu həkimlərdir və şəbəkə olaraq fəaliyyət göstərirlər. 

Dövlət bütün dünyanın üzləşdiyi bu bəladan mümkün qədər az itki ilə çıxmaq üçün bu xəstələrin müalicəsini öz üzərinə götürsə də, bəzi həkimlər bu müalicə üçün xəstələrdən pul tələb edirlər.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq onların ifşa olunması istiqamətində iş gedir, ölkənin hüquq-mühafizə orqanları bu işlə məşğuldurlar. Bununla bağlı bugünədək bir sıra vəzifəli şəxslər, hətta xəstəxanaların baş həkimləri də saxlanılıb. Onlar, eyni zamanda, sərtləşdirilmiş karantin rejimi dövründə vətəndaşlara saxta arayış verməkdə ittiham olunaraq, məsuliyyətə cəlb ediliblər.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı mübarizənin davam etdiriləcəyi isə heç kimdə şübhə doğurmur. Nəzərə alaq ki, son illər Azərbaycanda bir sıra islahatlar həyata keçirilir, korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Nazir, nazir müavinləri, i̇cra başçıları, o cümlədən, digər vəzifəli şəxslərin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunması da buna bariz sübutdur.