Kralın çöküşü...

kralin-cokusu
Oxunma sayı: 1741


Joze Mourinyonun 5 illik  “Real” erası başa çatandan sonra bu posta məhşur Papa Karlo ləqəbi ilə tanınan Karlo Ançelotti gəldi. İtalyan mütəxəssisin gəlişindən sonra Madrid klubu daha bir transferlə gündəmə düşdü. İngiltərənin “Tottenhem” klubunun şərəfini qoruyan Qaret Beyli 91 milyon avroya heyətinə qatan “kral klubu”nun əsas hədəfi 10 il sonra Çempionlar Liqasının qalibi olmaq idi. Ançelotti ilə özünə gələn komanda gözəl futbol oynayır, dünyanın ən təhlükəli əks-hücumlar quran  komandası oldu. Papa Karlonun ilk uğuru İspaniya kral kuboku idi. Finalda, “El Klassiko”da “Barcelona”nı Di Maria və Beylin qolları ilə məğlub edən madridlilər “Kopa Del Rey”ə sahib oldular.

Təbii ki, bu əsas məqsəd deyildi. Klubun prezidenti Florentina Peres komandanı qitənin bir nömrəli turnirinin qalibi kimi görmək istəyirdi. Çempionlar Liqasının 2013/2014 mövsümünün Portuqaliyada “Estadio de Luiş” stadionunda keçirilən finalına vəsiqə qazanan “Real” burda İspaniya çempionatının qalibi olmaq uğrunda uduzduqları “Atletiko”nu məğlub etməli idi. Amma oyun heç də Ançelotti üçün yaxşı başlamadı. 36-cı dəqiqədə qapısında qol görən “kral klubu” yalnız 90+3-cü dəqiqədə Serxio Ramosun qolu ilə 10-cu dəfə qitənin ən güclüsü olmaq imkanını boşa vermədi. Əlavə vaxtda rəqibinin qapısından 3 top keçirən Madrid təmsilçisi həmşəhərlilərini məğlub etməklə 10-cu ÇL titulunu qazandı. Klublararası dünya çempionatında da birinci olan ispanların 1 illik partlayışı isə bu mövsüm sona çatdı.

“Kralın çöküşü”

Ötən mövsüm 2 titul qazanan Ançelotti Di Mariya, Alvaro Morata, Xose Kalyexon kimi futbolçulara qapını göstərdi. Mourinyonun şans verdiyi vaxtlarda Iker Kasilyasdan üstün oyun göstərən Dieqo Lopes də “Milan”a üz tutdu. Papa Karlo düzgün yolda olduğunu, göndərilən futbolçuların yoxluğunu hiss etməyəcəyini düşünsə də, mövsüm ərzində problemlər üzə çıxdı. Xüsusən, “Real”ın keçən mövsüm uğurlarında əsas pay sahibi olan Anxel Di Mariyanın mərkəzdəki yoxluğu aşırı dərəcədə hiss olunurdu. “Mançester Yunayted”ə getdikdən sonra da əla oyun göstərən, lakin zədələndikdən sonra özünə gələ bilməyən argentinalının yeri hələ çox görünəcək. 

Uğursuzluğun əsas səbəbi

Ançelottinin bu mövsüm ən böyük problemi ehtiyat oyunçular baxımından əziyyət çəkməsi idi. Yuxarıda sadaladığım futbolçuları göndərməklə özünü çətin duruma salan italiyalı çalışdırıcı heç bir oyunda əvəzetmədən meydana futbolçu buraxıb matçın taleyini dəyişmədi. Daha doğrusu, belə bir dəyişiklik etmək üçün əlində “material” olmadı. “Mançester Yunayted”in ehtiyat oyunçular skamyasının simasına çevrilmiş Xavier Ernandesi (Çikarito) icarəyə götürməklə Kərim Benzema üçün alternativ yaratmaq istəyən Ançelottinin bu istəyi baş tutmadı. Çünki meksikalı heç zaman “Real” üçün böyük qüvvə sayılan fransalı hücumçuya rəqib ola bilməzdi. Kərimin madridlilər üçün nə qədər vacib futbolçu olduğu elə son “El Klassiko”dan, “Yuventus”la 1:1 başa çatan “Santyaqo Bernabeu”dəki oyundan göründü. Qol vurmaqdan başqa, rəqib müdafiəsini təzyiqdə saxlamaqla da məşğul olan Benzemanın yoxluğu ÇL-in yarımfinalının ilk oyununda bəlli oldu. Çikarito isə bu qüvvəyə sahib deyil. Bir müddət parlaq çıxışı ilə diqqət çəkən forvardın “ulduzu artıq sönüb”. Mərkəz xəttində isə Modriçin alternativindən söhbət belə gedə bilməz. Bu mövqedə çıxış edəcək, Luka səviyyəsində ikinci futbolçu komandada yoxdur. 

“Yuventus”a məğlubiyyət

Çempionlar Liqasının püşkü atılan zaman ən asan rəqibin məhz “Real”a düşdüyünü, yəqin, hər kəs düşünürdü. “Barselona” – “Bavariya” yarımfinalından fərqli olaraq hamı madridlilərin “Yuventus”u asanlıqla mübarizədən kənarlaşdıraraq finala çıxacağını iddia edirdi. “Kral klubu” ilk oyunda bütün komponentlərdə italyanlara uduzdu. Modriç, Benzema, Beyl kimi futbolçuların yoxluğunda çətin vəziyyətə düşən Ançelotti Serxio Ramosu mərkəz yarımmüdafiəçisi kimi Toni Krossun yanında oynatdı. Dünyanın ən güclü müdafiəçilərindən olan Ramos mərkəzdə bərbad oyunu ilə komandasının məğlubiyyətində birbaşa “rol oynadı”. İkinci oyunda isə Papa Karlonu daha ağır sınaq gözləyirdi. Hücumameyilli futbolla ilk dəqiqələrdən qol vurub daha rahat çıxış etmək. Elə Benzema, Ronaldo, Beyl, Xames, İsco-nun eyni anda meydanda olması komandanın basqı ilə matça başlayacağına işarə idi. Bu istəyinə nail olan italiyalı çalışdırıcı penalti qolu ilə sevindi. Xamesə qarşı kobudluğu 11 metrlik zərbə kimi dəyərləndirən matçın baş hakimi Yonas Eriksson meydan sahiblərini sevindirdi. İkinci qol üçün də irəli atılan madridlilər Ronaldo ilə buna yaxın olsa da, portuqaliyalı Buffonla təkbətək epizodda ona uyğun olmayan tərzdə ötürmə verib qapıya zərbə vurmadı. Lakin mərkəzdəki boşluqlar və müdafiə xəttindəki kobud səhvlər rəqibin qol vuracağının işarəsi idi. Məhz 57-ci dəqiqədə Alvaro Morata “Yuventus”u Berlinə aparacaq qolu vurdu. Bundan sonra kortəbii şəkildə hücumlara atılan “Real” heç nəyə nail ola bilmədi. Düzdü, imkanlar oldu, lakin nə Beyl, nə də Çikarito fürsətləri dəyərləndirdi. Bununla da komanda böyük ehtimalla mövsümü titulsuz başa vuracaq. Ölkə kuboku və Çempionlar Liqasının əldən getdiyi dəqiqləşsə də, La-Liqada nəzəri şanslar qalır. Lakin “Barselona”dan 4 xal geridə olan Ançelottinin komandasının bu fərqi aradan qaldıracağı inandırıcı deyil.

Komandanın daxili problemləri

Çempionlar Liqasının yarımfinal oyunlarından öncə “Real”dan heç də yaxşı xəbərlər gəlmirdi. Kriştianu Ronaldonun komandadan ayrılacağı, Qaret Beylin də yenidən İngiltərə üz tutacağı deyilirdi. İspaniya mətbuatını gündəmini zəbt edən bu xəbərlər də komandanın final arzusuna təsir etdi. Yəqin ki, “Yuventus”la doğma meydandakı matçda da bəzi futbolçular arasında yaxşı münasibətlə olmadığı da görünürdü. Xüsusilə, Ronaldo Beyl anlaşılmazlığı komandanı çətin duruma salıb. 

Çempionlar Liqasında gözlənilməz final

Mövsümün əvvəlində heç kim Berlindəki “Olimpiya” stadionunda “Barselona” – “Yuventus” finalının olacağını düşünmürdü. Çünki “Real”, “Bavariya“, “Çelsi” kimi komandalar ən real namizədlər sayılırdı. Lakin Luis Enrikenin gəlişindən sonra əvvəlki oyununu bərpa edən katalonlar ideal bir mövsüm keçirdi. Ölkə çempionluğu, kral kubokunu və Çempionar Liqasını qazanmağa ən real namizəd olan “Barselona”nın Luis Suares, Neymar və Lionel Messi “üçlüyü” ilə hələ ki, hər hansı bir komandanın dayandıracağı asan görünmür.

“Yuventus”da da ab-hava əladır. Komanda ölkə çempionu olub, İtaliya kubokunun finalına vəsiqə qazanıb və həmçinin Berlində “Barselona”ya rəqib olacaq. Massimiliano Alleqrinin gəlişindən sonra özünəməxsus oyun tərzi ilə seçilən turinliləri 6 iyunda dünyanın ən güclü klubu ilə üz-üzə gələcək.