Kreativ Vasif müəllim

kreativ-vasif-muellim
Oxunma sayı: 1834


Ölkə “saqqal əməliyyatı” ilə çalxalandığı ərəfədə hörmətli Vasif müəllim Naxçıvanda qayda-qanun yaratmağa qərar verdi. Bundan sonra Muxtar Respublikanın mollaları eyni qiyafədə olacaqlar. Artıq hamısına ayaqqabı, fəs və şalvar-köynək paylanıb. 

Hətta yas mərasimlərində mollaya 100 manatdan artıq pul vermək qadağan edilib. Yəni, qısası, Vasif müəllim hörmətli Şeyxin “kurasiyası”na müdaxilə edib.

Açığı, çox bəyəndim. Ümumiyyətlə, Vasif Talıbovun ideyalarını həmişə bəyənmişəm. Çox kreativ kişidir. Elə ideyaları gerçəkləşdirir ki, onlar bu məmləkətdə heç kimin ağlına gəlmir. 

Məsələn, Bakının düz ortasında zivə qururlar, adam keçəndə paltarlar dolaşır başına. Allah eləməsin, paltar alt paltarı olsa lap biabır olursan, məhəllə uşaqları səni fitə basır. Yaxud da paltar sərən xala çıxıb səsini atır başına ki, bəs güclə yuduğu mələfəsini murdarlamısan. 

Naxçıvan camaatının isə artıq belə problemi yoxdur. Çünki Vasif müəllimin sayəsində Naxçıvanda zivə qurulmur. Belə getsə, ümumiyyətlə, paltarlar yuyulmayacaq. Hamıya tapşırılacaq ki, bir paltarı bir dəfədən artıq geyinməyin, çirklənməsin. 

Müəllimlərin tor corab, kişilərin rəngli köynək geyinməsi də yasaqlanıb. Lap düz qərardı. Müəllim niyə tor corab geyinib diqqət çəkməlidir? Yaxud kişi də rəngli köynək geyinər? Qara, ağ rənglər ciddilik, samballılıq əlamətidir. Vasif müəllim də istəyir ki, bütün Naxçıvan kişiləri samballı görünsün. 

Qısası, Vasif müəllimin din adamları ilə bağlı verdiyi qərarda qətiyyən pis heç nə yoxdu. Düzdü, bir balaca Şeyxin qəzəbinə tuş gələcək. Amma olsun də, belə götürəndə Naxçıvan onun şəxsi xanlığıdı, nə istəsə edə bilər. Nə olsun ki, Naxçıvan da Qafqaza daxildir və hörmətli Allahşükür Paşazadə də özünü bütün Qafqazın şeyxi elan edib. 

Məncə, Vasif müəllimi dəstəkləmək lazımdı. Üstəlik, 3-4 dəfə Məkkəyə gedib Hacı statusu alsa, elə şeyxin yerinə də keçə bilər. Əminəm ki, heç dini məsələləri də şeyxdən az bilmir. İxtisasın isə heç dəxli yoxdu. Guya bizdə kim öz ixtisası üzrə çalışır ki? 

Yeri gəlmişkən, QMİ deyir ki, məsələni araşdırır. Lap yəqin araşdırma nəzir qutuları ilə bağlıdır. Ağzıgöyçəklərin sözünə görə, hörmətli şeyx geyimə danışmaz, yetər ki, qutuya toxunan olmasın. 

Amma mən inanmıram ki, Şeyx 1-2 qutu nəzirə görə Vasif müəllimin xətrinə dəysin. Hər halda bilməmiş deyil ki, Vasif müəllimin beyni qızsa qoymaz orda bir molla qalsın. Hamısını yığıb təyyarəyə göndərər Bakıya - Şeyxin üstünə, deyər: “Di get dolandır. Ümumiyyətlə, bundan sonra yas mərasimlərini də qadağan edirəm”. 

Duxu çatan olar bir söz desin?