Kremençukda həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı yoxdur

Kremençukda həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı yoxdur
Oxunma sayı: 2813

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.

"Qafqazinfo"nun məlumatına görə, Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov AZƏRTAC-a açıqlamasında bildirib ki, əldə edilən ilkin məlumata görə, Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.

“Xilasetmə tədbirləri davam edir, Kremençuk şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençukda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, - deyə Füzuli Qənbərov əlavə edib.

Qeyd edək ki, Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.