Kremldən Kadırovla bağlı açıqlama

kremlden-kadirovla-bagli-aciqlama
Oxunma sayı: 5308

“Çeçenistan rəhbəri Ramzan Kadırovun sağlamlıq vəziyyəti Rusiya Federasiyası Prezidenti Administrasiyasının məsələsi deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatları belə şərh edib: “Hər halda Prezident Administrasiyası çətin ki sağlamlıq arayışı verə bilsin. Buna görə də deməyə sözümüz yoxdur”.

Peskov Kadırovla Putinin ötən həftəsonu görüşmədiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib. Rusiyalı müxalif siyasətçi və Federal Təhlükəsizlik Xidmətinin eks-polkovniki Gennadi Qudkov isə yerli mediaya müsahibəsində Kadırovda böyrək xəstəliyi olduğunu deyib. Onun sözlərinə görə, Kadırovun səhhəti ilə bağlı çeçen mənbələrdən məlumat əldə edib. Bildirilir ki, Çeçenistan rəhbəri böyrək əməliyyatı keçirsə də, bu, nəticə verməyib.