Martın 14-ü saat 02 radələrində Q.Qarayev prospektində naməlum şəxs Xaçmaz rayon sakini Faiq Bəşirovun boğazına deşici alət dirəyərək pulunu alıb qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Məmmədov Nizami RPİ 24-cü PB və Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.
Martın 13-ü saat 14 radələrində metronun «Elmlər Akademiyası» stansiyasında Bakı şəhər sakini Rəşad Manafovun mobil telefonunu əlindən alıb qaçan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Xəqani Şirəliyev Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Martın 6-da Bakı şəhər sakini Əli Həsənov bankomatda hesabından pul çıxarmaq istəyərkən kartından 1500 manat pulun çıxarıldığını aşkar edib. Binəqədi RPİ 40-cı PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Məmmədşah Dadaşov tutulub.
Martın 13-ü saat 19:40 radələrində Xocasən - Lökbatan yolunda Kəlbəcər rayon sakini 1958-ci il təvəllüdlü Eyvaz Malasovun idarə etdiyi «Toyota Prado» markalı avtomobillə Bakı şəhər sakini Nihad Kərimovun idarə etdiyi «Daewoo» markalı avtobus toqquşub, nəticədə E.Malasov hadisə yerində ölüb, N.Kərimovun sərnişini 2007-ci il təvəllüdlü Elsun Qurbanova isə tibbi yardım göstərilib.
Martın 5-nə keçən gecə Binə qəsəbə sakini Mehman Əliyevin həyətindən 800 metr elektrik kabeli, təmir alətləri və velosiped oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Əlizamin Abbasov və Mirkənan Əmirov Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 2-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Xəzər RPİ Narkotiklərlə Mübarizə Bölməsi və 2-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Ramil Məmmədovdan 480 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Xətai RPİ 34-cü PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Azər Qənbərli tutulub. Məlum olub ki, o, yanvarın 26-da Sarayev küçəsində yerləşən ticarət mərkəzində, orada işləyən Bakı şəhər sakini İldırım Mahmudovun etibarından su-istifadə edərək 4 ədəd qızıl boyunbağı alıb qaytarmayıb.
Son xəbərlər
Son Xəbərlər