Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 654

Martın 5-də, M.Qardaşları küçəsində kirayədə yaşayan Tərtər rayon sakini Seyfəddin Əliyev şəxsi münasibət zəminində həmyerlisi Ramil Rəhimovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri yetirdiyinə görə Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulub.

Martın 4-ü saat 01 radələrində Ağdaş rayon sakini Sərvan Məmmədov və Bakı şəhər sakini Sevda Cabbarova M.Əliyev küçəsində Şahin Səbziyevin baş nahiyəsindən yumruq zərbəsi vurub huşsuz vəziyyətə salaraq pulunu və 2 ədəd mobil telefonunu aldıqları üçün Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən tutulublar.

Martın 5-də, Bülbül prospektində Cəlilabad rayon sakini Eldar Həsənov Ceyran Qebedovanın əl çantasını əlindən alıb qaçarkən yaxınlıqda xidmət aparan Nəsimi RPİ PPXB əməkdaşları tərəfindən yaxalanaraq 22-ci PB-yə təhvil verilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Kamallı martın 5-də tutulub. Müəyyən edilib ki, o, 2011-ci il dekabrın 15-də fəhlə işlədiyi Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən evlərdən birində Hikmət İsgəndərovun 20 manatını, bu il yanvarın 31-də Biləcəri qəsəbəsində usta işləyən Xələf Səmədovun cibindən mobil telefon və pul, fevralın 22-də isə Binəqədi yolu yeni yaşayış sahəsində yerləşən daş karxanasında orada işləyənlər Elxan Mirzəyevin və Elşad Teymurovun pulunu və mobil telefonunu oğurlayıb.

Martın 5-i saat 21 radələrində S.S.Axundov küçəsində Bakı şəhər sakini Alim Alışov idarə etdiyi 10 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı avtobusla Bahar Cəfərovanı və nəvəsi Vüsaləni vurub. Nəticədə B.Cəfərova hadisə yerində ölüb, V.Cəfərova isə KTM-ya yerləşdirilib.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər Camalov martın 5-də tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsi Gülüstan küçəsində yaşayan Mübariz Kazımovdan 0,310 qram, yaşadığı mənzildən isə 600 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakini Divangir Əliyevdən 800 qramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilib.

Martın 5-də 65 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Ələkbər Kazımov 27-ci PB-nin əməkdaşı polis kiçik serjantı Anar Babayevin cibindən 50 manat oğurlayərkən polis əməkdaşı tərəfindən yaxalanıb və ondan 0,243 qram narkotik vasitə olan heroin aşkar edilib.