“Kubokla çempionatın qərarlarımıza təsiri olmayacaq” - Nəcəfov

kubokla-cempionatin-qerarlarimiza-tesiri-olmayacaq
Oxunma sayı: 960

“Qarabağ” üzərində qələbə qazanaraq Azərbaycan kubokunun finalına adlayan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov oyundan sonra jurnalistlərə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bilirdik ki, ağır oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Komandanı təbrik edirəm. Finala kimi daha öncə də gəlmişik, ancaq son nöqtəni qoymamışıq. Ümid edirəm ki, mayın 19-da layiqli oyun göstərərək, kuboku qazanacağıq.

- Artıq ardıcıl 3-cü dəfədir ki, finala yüksəldiniz.

- Bəli, ümumilikdə isə 4 dəfə final oynamışıq. Ancaq biz bu titula yiyələnə bilməmişik. İnanıram ki, bu dəfə kuboku qazanarıq.

- “Qarabağ” hesabda 2:0 öndə olanda komandaya inanırdınız?

- Mən bu komandaya həmişə sona qədər inanmışam. Uduzsaq da, udsaq da, onlara inamım var. İnanmasaq, işimizin mənası və məqsədi olmaz.

- Finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?

- Fərqi yoxdur.

- Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?

- Artıq qərar verilib. Bununla bağlı nəsə danışsam, yanlışlıq olardı. Daha öncə bu barədə münasibət öyrənilməyib. Ona görə də oyun harada keçirilməsində asılı olmayaraq, ciddi hazırlaşmalıyıq.

- “Qəbələ”də büdcənin azaldılacağı ilə bağlı iddialar dolaşır. Kuboku qazansanız, planlar necə olacaq?

- Bu barədə hər şeyi danışa bilmirəm. Kubokla çempionatın bizim qərarlarımıza təsiri olmayacaq. Əvvəlcədən planlaşdırdığımız kimi gedirik. Komandanın gələcək strategiyası ilə bağlı yaxınlarda açıqlama olacaq.