Kubokun finalı nə vaxt keçiriləcək?

kubokun-finali-ne-vaxt-kecirilecek
Oxunma sayı: 825


“Qafqazinfo” xəbər verir ki, bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Milli komandamızın ABŞ yığması ilə keçirəcəyi yoldaşlıq matçının mayın 27-ə təsadüf etməsi Azərbaycan kubokunun təqvimində dəyişikliyə səbəb olacaq. Belə ki, mayın 28-ə - Respublika Gününə təyin olunan final görüşünün keçirilmə vaxtı dəyişdiriləcək.

Bu barədə məlumat verən Musayev bildirib ki, qarşılaşma bir qədər erkən baş tutacaq: “Azərbaycan kubokunun finalı mayın 21-i və ya 22-də keçiriləcək. Milli komandanın mənafeyi hər şeydən üstündür. ABŞ-la oyunun mayın 27-ə təyin olunmasını nəzərə alıb, dəyişiklik edəcəyik. Lakin dəqiq tarixi AFFA rəhbərliyi ilə məsləhətləşdikdən sonra açıqlayacağıq”.

Topaz Premyer Liqasının təqviminə əsasən, sonuncu - XXXVI turunun oyunları mayın 21-də keçirilməlidir. Bu isə o deməkdir ki, ölkə çempionatının da təqvimində dəyişiklik olacaq. PFL prezidenti bu məsələyə də aydınlıq gətirib: “Bəli, Premyer Liqanın da təqvimi dəyişiləcək. Matçları geri tarixə çəkəcəyik. Lakin elə edəcəyik ki, klublar narazı qalmasınlar”.

Qeyd edək ki, ötən il mayın 29-da Qətərlə yoldaşlıq, iyunun 7-də isə Lüksemburqla Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşmalı olan yığmamız bu matçlara hazırlıq məqsədi ilə Dohaya təlim-məşq toplanışına yollanmışdı. Hazırlıq prosesi mayın 25-dən iyunun 7-dək olsa da, Azərbaycan kubokunun finalında oynayan klubların futbolçuları yığmanın düşərgəsinə gec qoşulmuşdular. Belə ki, “Xəzər Lənkəran” və “Neftçi”nin üzvləri - Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Mahir Şükürov, Rəşad Sadiqov və Araz Abdullayev mayın 30-da, ölkə kubokunun finalından 2 gün sonra Berti Foqtsun sərəncamında olmuşdular.