Karl Marks-ın bir sözü var, deyir: “Hər şey küçədən başlayır”. Yəqin ki, çoxunuz İçərişəhər metrosundan üzüaşağı Sabir parkına çatmamış əlində tütək, yerdə altına balınc atmış, oturub müxtəlif musiqilər ifa edən uşağı görmüsünüz. Çoxunuz da hər dəfəsində elə mənim də etdiyim kimi nə ifa etdiyindən aslı olmadan, xoşunuza gəlib və ya gəlmədən onun qarşısında olan pul qutusuna qəpik qoymusunuz. Ən azı dilənçilik etmədən beləcə çörək pulu qazandığına görə.
Yaxınlarda tanıdığım tələbə gəncləri keçiddə gitarada ifa etdiklərinə görə bölməyə aparıldığını eşitdim. Hansı əsas, qanunvericiliyimizin hansı maddəsi ilə ittiham olunduqlarını soruşanda, dedilər ki, bizə ifa etməklə ictimai asayişi pozduğumuzu bildirərək cərimə kəsdilər. Mən hələ bilmirdim ki, Azərbaycan qanunvericiliyində küçə sənəti deyə kökü qədim Romaya dayanan bir mədəniyyət cinayət imiş (Qeyd edim ki, Avropa ölkələrində bu sənətə lisenziya kəsilib.). Əlavə etdilər ki, cərimə də qeyri-qanuni olub. Normalda cərimə protokol şəklində olur, banka ödənir. Amma bizim harınlamış polislərimiz bu qarlı havalarda keçiddə musiqi ifa etməklə cib xərcliyini çıxarmağa çalışan, rayondan Bakıya ailəsi ilə gəlib, kirayədə yaşayan tələbənin valideyinindən 200 AZN istəyiblər. Valideynin pulu olmadığı üçün borc axtarmağa gedəndən sonra tələbənin mobil telefon nömrəsini alıb, 100 AZN gətirməsini söyləyərək heç bir sənəs almadan buraxıblar(Yəqin doğurdan da kasıb adamlar olduğunu sezib, “insafa” gəliblər). O gəncləri savadsızlıqları yox, panikaya qapılmaları və qorxmaları səbəbindən öz hüquqlarını müdafiyə etmədiklərinə görə qınayıram. Amma bu o demək deyil ki, polis işçisi vətəndaşa öz səlahiyyətindən istifadə edərək təzyiq göstərib konkret rüşvətlə cəzalandıra bilər. Birincisi normal ölkələrdə küçə sənəti bir mədəniyyət olaraq qəbul olunur və hətta turizmin rəngləndiriciləri olaraq küçə sənəti ilə məşğul olan insanların təhlükəsizliyinin təmin olunmasına xüsusi nəzarət edilir (Onların əşyalarının və ya ortalığa qoyulmuş pul qablarının oğurlanma ehtimalını nəzərə alırlar.). Yəni cinayət əsası yoxdursa, məhz küçədə musiqi ifa etməyə görə bölməyə aparılma ehtimalı yoxdur. İkincisi də ki, əgər doğurdan da mənim bilmədiyim, bu sənətlə məşğul olmaq ictimai asayişi pozmaqdırsa, bunun cəriməsi maksimum 30 AZN-dir. Bu rüsumun da ödəniş üsulu qanuna görə yalnız banklar vasitəsi ilə olmalıdır.
Gənclər dedilər ki, belə bir hal eyni ilə başqa birinin də başına gəlib. Həmin şəxs polisə verdiyi nömrəni qırıb atıb. Artıq iki il keçib, rüşvət istəyən polislərdən səs-səmir yoxdur. Azərbaycan o ölkələrdəndir ki, qanunsuzluğa qanunla deyil, zəncirvari qanunsuzluqla cavab verilir. O tütək ifa edən uşağın açıqlıqda rahatlıqla ifa etməsinin necə mümkün olduğunu düşünürdüm ki, birdən Kafkanın “Məhkəmə”-sini xatırladım. Tez şəhadət barmağımı qatlayıb dişlədim. Kafka demişkən, düşünsəniz ki, bəlkə bu musiqiçilərin səviyyəsi yoxdur? O zaman xatırladım ki, bizim ölkədə en(N) qədər Kafkanın “Jozefina”sından var. Televiziya kanallarının böyük sücaəti ilə evimizin içinə qədər gəlirib ciyildəyirlər. Halbuki heç onların səsinə, estetikasına nəzarət edən, senzura qoyan yoxdur. Əsas odur “day-dayıları” var. Amma heç kimə mane olmadan küçənin bir tinində musiqi ifa edən musiqiçilərə küçədə ifa etmə qadağası var. Təbii ki, qeyri-qanuni. Hərdən öz yazdığıma özümün gülməyim gəlir. Güya hər şeydə qanunlara əməl olunmuşdu, bir zurna-balabanımız qalmışdı.
P.S. Aşağıda gördüyünüz video çoxdandan görmüş, “youtube” akauntumda bir gün bu mövzuda yazaram deyib, oxucular üçün bu günə saxlamışdım. İzləyin. Şərhini də özünüz verin.