Küçəyə tüpürən alim

kuceye-tupuren-alim
Oxunma sayı: 1582


Bakı çirkli şəhər sayılır. Ona görə yox ki, Hacıbala Abutalıbovun başı fontan quraşdırmağa qarışıb. Əsas səbəb odur ki, biz doğma şəhərimizin təmizliyinin qeydinə qalmırıq...

Bir müddət əvvəl içdiyi pivə şüşəsini çəmənliyə atan gənc qələm adamı öz hərəkətinə belə haqq qazandırmışdı: “Mən azad insanam”.

Həmin yazarı şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, əgər o, öz evində belə hərəkət etsə, arvadı həmin pivə şüşəsini onun başında sındırar...

Əvvəllər elə bilirdim ki, ancaq savadsız adamlar bu cür mədəniyyətsiz hərəkətlərə yol verirlər. Amma ölkənin ictimai-siyasi, elmi-mədəni, ədəbi elitası ilə yaxından tanış olandan sonra savadsız dediyimiz adamlar haqda bu qədər bədgüman olduğum üçün əməlli-başlı xəcalət çəkdim. Sovet dövründə elə kolxozçular vardı ki, biz uşaqlar onlardan ədəb-ərkan, mədəniyyət öyrənirdik. Mənə elə gəlir ki, ədəb-ərkanın, qanacağın savada dəxli yoxdur. Uşaqları ailədə düzgün tərbiyə etmək lazımdır.

Üç-dörd il əvvəl Novruz şənliklərinin birində qara, yekəpər bir kişi ilə üzbəüz əyləşmişdik. Adama yarım stəkan çay içməyə macal tapmamış o, masanın üstünü “silib-süpürdü”. Zalım oğlu kababa elə girişmişdi ki, elə bil ömründə ət görməyib. Həmkarlarımdan biri həmin adamın daşıdığı vəzifənin adını qulağıma pıçıldayanda təəccübdən az qaldı ki, gözlərim kəlləmə çıxsın. Həmin vaxt ağlıma gələn ilk fikir bu oldu: “Jurnalistlərin payını yeyən bu adam yəqin ki, tabeliyində çalışan insanların qanını sorur”. Bəxtimiz onda gətirdi ki, bayram tətili başa çatandan sonra dalına bir təpik vurub, onu işdən qovdular...

Bakı küçələrində hər addımbaşı siqaret kötüklərinə rast gəlmək mümkündür. Aydın məsələdir ki, həmin kötükləri yerə bağça uşaqları atmayıblar. Əgər yaşlı-başlı, oğul-uşaq sahibi olan adamlar təkcə çəkdikləri siqaretin kötüyünü deyil, həm də qutusunu yerə atırlarsa, uşaq və yeniyetmələrdən nə gözləyə bilərik? Sözsüz ki, bu gün atanın elədiyi hərəkəti sabah oğlu təkrarlayacaq...

İlin-günün bu vədəsində, bayram əhval-ruhiyyəsinin davam etdiyi ilıq mart günündə bu mövzuya təsadüfən toxunmadım. Ötən gün dostlarımdan biri ilə Cavid bağında gəzəndə qoltuğunda portfel olan şlyapalı bir kişinin çox iyrənc formada küçəyə tüpürdüyünün şahidi olduq. Təkcə biz deyil, yanımızdan ötüb-keçən adamlar da sifətlərini turşutdular. Addımlarımızı yeyinlədib, bu qanacaqsız adamdan uzaqlaşmaq istəyəndə, dostum dirsəyi ilə qoluma toxundu. Biz beş-altı addım irəli keçəndən sonra o, ağzını qulağıma yapışdırdı: “Bu kişi universitet müəllimidir, bizimlə üzbəüz binada yaşayır”.

Bilmədim ki, camaatın gözü qarşısında boğazını arıtlayandan sonra lopa ilə yerə tüpürən həmin alimin qonşularının halına acıyım, yoxsa, tələbələrinin...

Mən hər gün ictimai nəqliyyatdan istifadə edirəm. Ucuz Gəncə arağından içib dəmlənən adamlar metroda, avtobusda az qalır ki, adamın ağzının içinə girsinlər. Hələ sarımsaqlı qatıq yeyib iylənən adamların avtobusda, ya da metro vaqonunda yaratdıqları dözülməz şəraiti təsvir edib, mədənizi bulandırmaq istəmirəm. Məni həmişə bir məsələ düşündürüb: tutaq ki, kimsə qanmadığı üçün sarımsaq, konservləşdirilmiş balıq, sirkəli xaş yeyib dişlərini fırçalamadan evdən çıxır. Bəs, onun arvad-uşağı hara baxır? Niyə qadınlar ərlərini, uşaqlar atalarını elementar mədəniyyət qaydalarına riayət etməyə çağırmırlar? Doğrudanmı, onlar söyüş-qarğış yiyəsi olduqlarını başa düşmürlər?..