Kümçülərə ipəkqurdu toxumunun paylanılmasına başlanıldı - Fotolar

kumculere-ipekqurdu-toxumunun-paylanilmasina-baslanildi
Oxunma sayı: 2277

Azərbaycanda 2023-cü il baramaçılıq mövsümünə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, 2023-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanılmasına başlanılıb.

Bildirilib ki, bu il kümçülərə əvəzsiz olaraq 11500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanması tədbirində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazir müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon  rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

Nazir Məcnun Məmmədov bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.