Kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatdı - Fotolar

Kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatdı
Oxunma sayı: 981

2021-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu il 40 rayondan olan 6 minə yaxın kümçüyə əvəzsiz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) paylanıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.

Bərdə baramaqurutma müəssisəsində hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, rayon rəhbərliyi, 6 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 4 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Ağcabədi rayonuna səfər zamanı Təzəkənd və Hüsülü kəndlərində “Vahid sahədə vahid əkin” prinsipi əsasında əkilmiş sahələrə baş çəkilib. Bildirilib ki, fermer əməkdaşlığının yeni modeli olan “Vahid sahədə vahid əkin” layihəsi torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkin aparılmasını asanlaşdıran, fermerlərin gəlirlərini artıran bir modeldir. Bu pilot layihə ilk dəfə olaraq Ağcabədi və Bərdə rayonlarında həyata keçirilsə də, layihə digər rayonlarda da maraq doğurub. Ümumilikdə bu il 8 rayonda çoxlu sayda fermer vahid massivdə yerləşən kiçik pay torpaqlarını birləşdirərək vahid bitki əkməyə qərar veriblər. Bugünədək təxminən 1000 hektara yaxın sahədə “Vahid sahədə vahid” əkin prinsipi ilə əkin aparılıb, payızlıq əkin dövründə bu sahələrin artacağı proqnozlaşdırılır.