Kür çayının sahilində qazıntı aparan sahibkarlarla bağlı cinayət işi başlandı

kur-cayinin-sahilinde-qazinti-aparan-sahibkarlarla-bagli-cinayet-isi-baslandi
Oxunma sayı: 1697

Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olub.

“Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədi ilə 5 il müddətinə ayrılmış 10 ha  sahədən kənarda  2 il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədi ilə ayrılmış sahədən kənarda 3 il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olmuş qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Fakta görə Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.