Kürdə suyun səviyyəsi azalıb

kurde-suyun-seviyyesi-azalib
Oxunma sayı: 1102

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 190, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 30-160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və norma daxilində olmaqla onun 80-100 faizini təşkil edir.

Departamentdən "Qafqazinfo"ya bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 113 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 58 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 19 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 25 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində dəyişməyərək 348, Şirvan məntəqəsində 2 santimetr azalaraq 169, Salyan məntəqəsində 1 santimetr azalaraq 123, Bankə məntəqəsində dəyişməyərək 150 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artaraq 55 santimetr təşkil edib.