Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

kurdemirde-kob-dostu-fealiyyete-baslayib
Oxunma sayı: 1266

Yanvarın 27-də Kürdəmir rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə KOB dostlarının saytı 21-ə çatıb.

“Qafqazinfo”nun məlumatına görə, KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də “KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib. Bildirilib ki, 2020-ci ildə də “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaq.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə həmçinin, “KOB Dostu” mexanizminə, daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Kürdəmirdə yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək “KOB Dostu”nun ofisi ilə tanış olublar. Qeyd olunub ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər “KOB Dostu” ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də “KOB könüllüləri” fəaliyyət göstərəcək.

Tədbir çərçivəsində sahibkarların problemlərinin və təkliflərinin öyrənilməsi üçün sorğu da keçirilib.