“Kurtlar Vadisi”nə görə qulaq kəsənlərin sayı artdı

kurtlar-vadisine-gore-qulaq-kesenlerin-sayi-artdi
Oxunma sayı: 2649

 

Əsəbi insan deyiləm. Təbiətən coşqun biri olsam da, hər şeyə sərt reaksiya verib, əsəbiləşmirəm. Amma bir şey var. Türkiyənin istehsal etdiyi seriallar (dizilər) məni hövsələdən çıxarır. Bəlkə də, indi yazdıqlarımı təhlil etsəniz, məni anlayacaqsınız. Əgər bir həftə oturub sərasər türk serialı izləsəm, bəlkə də, ürək xəstəliyi tapacam, düşünürəm ki, dayanmadan bir ay baxsam ürəyim bu dərdə dözməyib, fəaliyyətini dayandıracaq. 

Səhv etmirəmsə 9-10 il bundan əvvəl yerli telekanalların birində adını bilmədiyim latın Amerika serialının son bölümlərinə yaxın, mətbuatda belə bir xəbər yayımlandı ki, rayonlardan birində bir kişi serialda mənfi rol oynayan qadının pisliklərinə dözməyib, ölmüşdü. İndi bir anlıq özümü o kişinin yerinə qoydum. Düşünməyin ki, o kişi kimi özümə əsəb verə-verə serialları izləyirəm. Sual yarana bilər, hardan xəbərin var, bu seriallardan, necə izləmisən onları?!  Cavabım odur ki, anam çox vaxt otağımda təmizlik işləri apararkən o serialları izləyir. Bəzən dözümsüzlük edib, anamla mübahisəyə girirəm: “Axı niyə baxırsan bu seriallara?” Anamdan ənənəvi cavab gəlir: “Axırı maraqlıdır, görəsən, necə qutaracaq” . Nə qədər onların faydasız olduğundan və zərərindən danışsam da, xeyri olmur ki olmur. Anam necə baxır... Yazını hətta yana-yana yazıram.  

Ağlınıza elə  gəlməsin ki, Türkiyəyə və türklərə antipatiyam var. Əksinə, Türkiyəni öz vətənim kimi, türkləri öz millətim kimi sevirəm. Türkiyədə olarkən və türklərlə bir yerdə keçirdiyim vaxtlarda onların bizlərə qarşı isti münasibətini  həmişə hiss etmişəm. Açığı deyim ki, seriallardakı türklərdən əsər-əlamət görməmişəm. Məni bir tərəfdən yandıran məhz budur. Hətta ilk vaxtlarda onlardan soruşurdum ki, dizilərdəki həyat gerçəkdirmi? Cavab verirdilər ki, Türkiyədə 75 milyon əhalinin, bəlkə də, bir milyonunun həyatı elə ola, ya olmaya.

Psixologiyada belə bir anlayış var: İnsan bir şeyi çox görərkən, bu gördüyü  əvvəl onu narahat etsə belə, daha sonra gördükləri gözündə adiləşir və şüurunda bu normal bir şey kimi qəbul olunur. Hər gün axşam seriala baxan insanlar oradakı anormallıqları artıq normal olaraq qəbul edirlər. Nədir bu anormallıqlar?  Xəyanət, iftira, paxıllıq, ara vurmaq, həsəd və ən əsası, insanlığın əsas prinsipi sayılan dürüstlük və gerçəkliyin düşməni olan yalandır. Bunlar türk seriallarının əsas qayələridir. Siyahını uzada da bilərəm.  Amma buna ehtiyac yoxdur. Beş dəqiqə həmin seriala baxmağınız yetər ki, həmin mənfi  komponentləri özünüz görəsiniz.

İnsanlara qarşı çox alçaq təbliğat gedir. Sizə bir misal çəkim. 1990-cı ildə Hollivudda çəkilmiş, bir çoxumuzun izlədiyi “Pretty woman” (“Gözəlçə”)  filminin nümayişindən bir neçə il sonra Avropada fahişəliyin səviyyəsi 30% artdı. O filmdə rejissor fahişəni əsl mələk kimi göstərmişdi. Misal çəkdiyim dünyaca məşhur ABŞ filmidir. Türkiyədə də onun əvəzediciləri var. “Aşkı-memnu” serialından sonra ərinə xəyanət edən qadınların xəbərləri mətbuatda çoxaldı. “Gümüş” serialından sonra isə təkcə Türkiyədə deyil, o diziləri həvəslə izləyən Orta Şərqdə də boşanmaların sayı artdı. “Kurtlar Vadisi”nə baxıb, onun-bunun qulağını-boğazı kəsib, öldürənlərin sayı nəinki, Türkiyədə və Orta Şərqdə hətta Azərbaycanda da artdı.

Uzun əsrlər boyu  əksər yazıçılar insanların  müsbət kefiyyətlərinin artmasına,  bir sözlə, cəmiyyətin rifahına və birliyinə çalışmışlar. Türkiyədə istehsal edilən həmin seriallar isə birbaşa yüz illər boyu formalaşmış dəyərləri məhv etməyə hesablanmış  layihədir.

Baxın, əvvəllər bir sıra türk seriallarını mən də  izləyirdim: “Çiçek taksi”, “Perihan abla”, “Koçum benim” və s. İndi həmin serialları  insanları pisliyə çağıran yüksək reytinqli seriallarla əvəz edib. Adlarını çəkdiyim seriallar dostluğu, qardaşlığı, birliyi təbliğ edirdilər. Seriallar  zatən yatmış xalqımıza bir az da “demidrol” vurur. Kitabdan ayrı düşmüş toplum seriala baxmaqla kifayətlənməlidir.

Necə ola bilər ki, bir serialda bütün nəsildə ən azı beş nəfər xəstəxanada doğulanda səhv və ya itkin düşsün, gedib başqa yerdə böyüyüb, sonra gəlib, təsadüfən gənclik yaşında  həmin varlı ailənin sürücü və ya qulluqçu işləsin? Necə ola bilər ki, bütöv bir serialda qəhrəmanların 90%-i ancaq bir-birinə fırıldaq gəlməyi, hiylə ilə ara vurmağı, yaşından asılı olmayaraq, yalan danışmağı, sevmədikləri insana nəyin bahasına olur-olsun, sahib olmağı həyat şüarı seçsinlər. Öz sevdiyi qadına dəfələrlə xəyanət edib, daha sonra guya “ağıllanan” şərəfsiz kişiləri, başqa kişidən hamilə olub, 25 ildən sonra ərinə bunu etiraf edib, onu bağışlamağını diləyən qadını isə efirdən bizə dəyər və model kimi təqdim edirlər.

Türkiyədən olan yaxın tanışlarım hamısı iddia edir ki, həmin serialları məhz türk və müsəlman toplumuna düşmən olan xarici təşkilatlar maliyyələşdirir. Mənim buna heç şübhəm də yox idi. Çünki seriallar başlamazdan əvvəl həmin mənfur təşkilatların simvolları göstərilir.

Azərbaycan telekanalları necə bütün günü çal-çağır və müğənnilərin doldurulubsa, Türkiyə televiziyası da seriallarla bəzədilib. Sizə başqa sözüm yoxdur, əziz o diziləri izləyən insanlar. Həyat sizin, seçim sizin...