““Kurtlar Vadisi”nin komandası klipimi bəyəndi”

kurtlar-vadisinin-komandasi-klipimi-beyendi-
Oxunma sayı: 2000


"Konsert vermək, klip çəkdirmək niyyətim yoxdu. Kanallarda klip saatı az olduğu və xüsusi klip kanalı olmadığı üçün klip çəkdirmirəm. Düşünürəm ki, klip artıq xərcdir. Gördüyüm işin keyfiyyətli olmasını istəyirəm. Son 5 ildə Azərbaycanda “Brilliantlar” klipim kimi klip çəkilməyib. Bunu əminliklə deyirəm.  Kiminsə klipi gözəl ola bilər, amma mənim ekran işim daha səviyyəlidir. Türkiyədə rəfiqəm Günay Musayeva seriala çəkilirdi. Günayla  “Kurtlar Vadisi”nin komandası ilə bir məclisdə görüşdük. Klipimi göstərdim, çox bəyəndilər, böyük maraqla qarşıladılar. Peşəkarların dilindən tərif eşitmək xoş idi. Rusiyanın “Ello” internet kanalı var, orada Azərbaycandan yalnız mənim klipi yayımlanır. Amma bunu heç kim görmür. “TMB” kanalına xaricilər baxır, mən isə istəyirəm ki, işlərimi azərbaycanlılar görsün.

Konsert üçün şirkətlər olmalıdır, bütün işləri onlar təşkil etməlidirlər. Müğənni isə yalnız gəlib oxumalıdır. Bizdə isə elə deyil. Hər işi müğənni görür.

Azərbaycanda biletlərin satılması da problemdir. Konsertin biletləri paylanılır. Miri Yusifdən başqa heç kimin konsertinə gedən yoxdur. Miri Yusif toy müğənnisi deyil, onu görmək istəyənlər məcburdur ki, bilet alıb konsertinə getsin. Mən hər gün şou proqramlardayam, tamaşaçı pulunu ödəyib gəlib məni görür. Mənim konsertimə bilet almaq onlara sərf etmir. Bizim şou-biznesdə sistem yoxdur. Sənətə gəldiyim ilk günlər klub konsertləri vermişəm. İndi isə bu şərtlər altında konsert vermək istəmirəm”.

Müğənni şou-biznesdəki durğunluqdan da danışıb:

“Ötən açıqlamalarımın birində də durğunluq haqda danışmışam . Vaxtında Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Samir Bağırov şou-biznesdə bütün yenilikləri edib, gözəl addımlar atıblar. İndi biz nə etsək, təkrar kimi görünür. Dünya ulduzları ilə ayaqlaşmağa çalışmaq da düz deyil.  Onlar 20-30 minlik  bahalı brend paltarlar geyinir. Bizim o paltarları geyinməyimiz ayıb olar. Biz onlar kimi milyonlar qazanmırıq, dünya turuna çıxmırıq, konsertlərdən gəlir əldə etmirik. Mən sakit həyatımı yaşayıram. Mən heç nəyi sənətimə qurban vermərəm. Mənim üçün əsas ailəm və övladlarımdır. Əsas övladlarımın ehtiyaclarını ödəyirəm, sonra sənətimi düşünürəm. Bu da sənətçini bir addım dala atır. Mən  uşaqlarımı tapdalayıb sənət dalınca getməyi bacarmıram”.

Nura tez-tez sosial şəbəkədə sosial problemləri işıqlandırmasından da söhbət açıb:

“Kaş yaxşı şeylərdə xaricilərə oxşayaq. Xarici müğənnilər bütün sosial problemlər haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar, fikir bildirirlər. Türkiyədə Özgecan zorlanmışdı, reaksiya göstərməyən sənət adamı qalmamışdı. Bizdə hər gün bu cür hallar olur, heç kim reaksiya vermir, öz keflərindədirlər. Bu cür hadisələri qınamaq lazımdır ki, zorakılıq halları azalsın, insanlar maariflənsin. Mən vətəndaş mövqeyimi bildirirəm. Müğənni hər gün sosial şəbəkədə özü haqda yazmamalıdır. Tamaşaçılara, izləyənlərə necə ana, insan, vətəndaş olduğunu göstərməlidir. Sosial problemləri tez-tez gündəmə gətirirəm, amma siyasətlə məşğul olmaq fikrim yoxdur. Siyasətə qatılmağı düşünmürəm. Bizim müğənnilər bir-birini söyməklə məşğuldur və bəzi aparıcılar müğənniləri efirə çağırıb biabır etməklə reytinq qazanırlar. Ona görə ayda bir dəfə efirə çıxıram. Yaşım çatanda şou-biznesdən gedəcəm,  özümə kafe açacam”.

Könül