Kuryer qəzaya düşüb öldü, müştərilər “Domino's Azerbaijan”a etiraz etdi - Yenilənib

kuryer-qezaya-dusub-oldu-musteriler-dominos-azerbaijana-etiraz-etdi
Oxunma sayı: 7627

Bakıda "Domino's Azerbaijan" şirkətinin kuryeri qəzaya düşərək vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi “Zongshen” markalı motosikleti divara vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məlumata görə, kuryer şirkətin "30 dəqiqəyə çatdırılma kampaniyası" çərçivəsində sifarişi tez çatdırmaq üçün motosikletlə sürət həddini aşıb və qəzaya düşərək dünyasını dəyişib. Qəza ilə bağlı sosial şəbəkə istifadəçiləri "Domino's Azerbaijan"ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasına etiraz ediblər və həmin kampaniyanın ləğvini istəyiblər.

Qeyd edək ki, "Domino's Azerbaijan" “Sifarişiniz 30 dəqiqəni keçdiyi halda, sizə hədiyyə pizza” şüarı ilə kampaniya təşkil edib. İddiaya görə, pizzanı 30 dəqiqəyə çatdıra bilməyən kuryerin əmək haqqısına cərimə yazılır.

***

Hadisə ilə bağlı “Domino's Pizza”dan “Qafqazinfo”ya bildirilib ki, qəzada həyatını itirən Ülvi Məmmədov uzun müddət şirkətdə çalışıb. Qeyd edilib ki, hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: 

“Dəqiq rəy bilindikdən sonra hadisənin başvermə səbəbləri haqqında ictimaiyyətə dəqiq məlumat veriləcək. Domino's Pizza üçün istər qlobalda, istərsə də lokalda ən vacib məqam hər şeydən əvvəl həm restoran daxili, həm də çatdırma zamanı təhlükəsizlikdir. Təhlükəsizliklə əlaqəli mütəmadi olaraq əməkdaşlarımıza müxtəlif təlimlər keçirilir və əməkdaşlarımız təlimatladırılırlar. Domino”s Pizzada çalışan hər bir kəsin əməyinin təhlükəsizliyi qaydalarına tam əməl olunur və buna xüsusi önəm veririk. 

Sosial mediada əsasən bu qəzanı “30 dəqiqə çatdırma kampaniyası” ilə əlaqəli baş verdiyini vurğulayırlar. İlk öncə vurğulamaq istərdik ki, kampaniya başlamazdan əvvəl bütün müştərilərimizə məlumat vermişdik ki, bu kampaniya istənilən pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizə asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırma aparırıq. 2-ci sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin işçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır. Qeyd edək ki, bu halla bağlı kampaniya başlayandan saytımızda ətraflı qeyd etmişik ki, bu halda işçi heç bir maddi məsuliyyət daşımır. 

Bundan əlavə bizim çatdırma kampaniyaları çatdırması mümkün olan ərazilər üçün keçərlidir, yəni əlavə sürətə ehtiyac olmadan sürücünün yaxın ərazilərə normal gedib qayıda biləcəyi məsafələrə çatdırma edirik. Çatdırılma əraziləri kuryerlərimizin təhlükəsizliyi üçün məhdudlaşdırılıb.

Qərəzli mövqedən paylaşım edilənlərə və mənbəyi bəlli olmayan heç bir hüquqi əsası olmayan şirkətin imicinə xələl gətirən məlumatlar yayanlara qarşı hüquqi platformada lazımi tədbir görüləcək”.