“Kütləvi çıxarış” bu dəfə Mehdiabadda

kutlevi-cixaris-bu-defe-mehdiabadda
Oxunma sayı: 1931

Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsində növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, kampaniya çərçivəsində 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

Kampaniyada “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və qanunda əksini tapmış digər hüquqi sənədlər aiddir. Eyni zamanda, bir sıra vətəndaşdan mülkiyyətə dair ilkin hüquqi sənədlər çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Kampaniya zamanı əmlakın qeydiyyatı ilə yanaşı, hüquqi maarifləndirmə aksiyası da keçirilib, vətəndaşlara əmlaklarının qeydiyyatı ilə bağlı hüquqi məsləhətlər verilib. Bildirilib ki, qeydiyyatsız və ya yalnız ilkin sənədləri olan əmlaklardan fərqli olaraq çıxarışı olan əmlaklardan daha səmərəli istifadə etmək və müxtəlif hüquqi əməliyyatlar aparmaq mümkündür. Belə ki, qeydiyyatlı əmlakı alıb-satmaq, girov qoymaq, onu biznes əməliyyatlarında istifadə etmək və digər hüquqi əməliyyatlar həyata keçirmək olar.

Qeyd edək ki, ötən ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həm əmlakın qeydiyyatında, həm də torpaq idarəçiliyində “bir pəncərə” prinsipi də tətbiq edilir.