Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlardaca paylanmasını davam etdirir. Belə ki, komitənin “Kütləvi çıxarış” kampaniyası bu dəfə 22 iyunda Ağsu rayonunda baş tutub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.
Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, kampaniya çərçivəsində komitənin mobil ofisləri (ayrılmış xüsusi nəqliyyat vasitələri) ünvanlara gedir, sadə, rahat və çevik şəkildə vətəndaşların çıxarışları onlara təqdim olunur. Bununla da, əmlak sahibinin ərazi qeydiyyat idarəsinə getməsi üçün vaxt sərf etməsinə ehtiyac qalmır, çünki komitə artıq qeydiyyat xidmətlərini bu sosial kampaniya vasitəsilə birbaşa vətəndaşa çatdırır.
“Kütləvi çıxarış” kampaniyasında sakinlərə ilkin çıxarışlar təqdim olunmaqla yanaşı, əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib. Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılmış pay torpaqları və ya bələdiyyə, icra hakimiyyəti tərəfindən verilmiş torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub. Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb.
Qeyd edək ki, kampaniya əvvəlki illərdən bu il daha intensiv şəkildə keçirilməsi ilə fərqlənir. Belə ki, vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq bu addım atılıb. Artıq bir ayda bir neçə dəfə, həm Bakı, həm də regionlarda belə kampaniyalar təşkil olunaraq çıxarışlar paylanır.
Kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar da göstərilir.Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilir, qeydiyyat prosedurları izah olunur, verilən suallar cavablandırılır.
Son xəbərlər
Son Xəbərlər