Kütləvi dələduzluq...

kutlevi-deleduzluq
Oxunma sayı: 2253


Təxminən olmuş hadisədir. 

Deməli, bir gün bir nəfər köhnə musiqi alətlərinin satıldığı mağazaya girir. Əlində də çox qəşəng bir violençel. 

Uzaq səfərə çıxdığını, evinin olmadığını, varı yoxu olan bu violençeli bir neçə günlük burada saxlamağı və qorumağı xahiş edir. Bunun məqabilində 500 dollar pul vəd edir. Hətta beh də verir. Mağaza sahibi etiraz etmir. 

Hadisənin sabahı çox sanballı geyinmiş bir müştəri mağazaya daxil olur. Violençeli görən kimi ona aşiq olur. Ən azı 100 min dollar verə biləcəyəni deyir. Amma mağaza sahibi onun satılmadığını deyir. 

Növbəti 2 gündə eyni sanbalda daha 2 müştəri gəlir. Bunlar da “şedevr” violençellə maraqlanır və bu dəqiqə 120 və 150 min dollar verməyə hazır olduqlarını bəyan edirlər. 

Nəhayət violençelin sahibi qayıdır və mağaza sahibinə təşəkkürünü bildirir, çıxarıb pulun qalanını vermək istəyəndə satıcı bu violençeli ona satmağını istəyir. Uzun bazarlıqdan sonra “bu violençel mənim hər  şeyimdir” deyən mal sahibi güclə də olsa, 75 min dollara satışa razılıq verir. Amma pulu dərhal tələb edir.

Mağaza sahibi avtomobilini və başqa dəyərli nəyi varsa satır, borc-xərc edib elə həmin gün kişinin pulunu verir. Sevincək halda ən azı 50 min irəli düşməsinin xəyalı ilə müştərilərini gözləyir. 

Və... Bəli, sizin də gözlədiyiniz kimi, o gündən heç bir müştəri violençellə maraqlanmır. 

Ötən həftəsonu kütləvi nümayişə girən “Fokus” (Focus) filmi də təxminən bu cür kütləvi dələduzluq hadisələrindən bəhs edir. Kütləvi soyğun və oğurluq əməliyyatları sanki bir incəsənət əsəri kimi tamaşaçıya təqdim olunur.

Peşəkar heyət və qüsursuz plan. Dələduzlar öz işlərinə o qədər məsuliyyətlə yanaşırlar ki, kiçik ani bir yalnışlıq da istisna edilir. Onların hər zaman “B planı” olur və bununla da, heç vaxt uduzmurlar. 

Uill Smiti (Will Smith) uzun müddətdir belə dinamik rolda görməmişdik. Məlumat üçün deyim ki, bu rol daha əvvəl Ryan Gosling, Brad Pitt və Ben Affleckə təklif olunsa da, müəyyən səbəblərdən imtina etməli olublar.

“Yalan illuziuyası” (Now you see me) filminə baxanlar “Focus”da da oxşar elementlərə rast gələcəklər. Mənə elə gəlir ki, bu sujet aktualdır və tamaşaçı belə mövzulara baxmaqdan zöv qalır. Müəlliflər buna görə yenidən bu mövzula üz tutublar.

Filmin adı illuziya anlamında işlənməyib. Burada söhbət insanın diqqətini bir nöqtəyə, bir hadisəyə və ya bir rəqəmə “fokuslamaq”dan gedir. Yəni, sən öz “qurbanının” fikrini başqa yerə yönəldib, onu gözləmədiyi tərəfdən vurmalısan.  

Yeri gəlmişkən, 50 milyon dollar büdcəsi olan film ABŞ-da ilk həftə sonunda bir gündə cəmi 19,1 milyon dollar qazanıb. Halbuki gözlənilən rəqəm minimum 25 milyon idi. Buna baxmayaraq, müəlliflər artıqlaması ilə qazanacaqlarına əmindirlər.