Küveyt əmiri Azərbaycana gələcək - Fotolar

kuveyt-emiri-azerbaycana-gelecek
Oxunma sayı: 1745

Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri bu ölkəyə təyin olunması barədə etimadnaməni Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.

Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, təqdimetmə mərasimində fəxri qarovul düzülüb, Azərbaycanın Dövlət bayrağı yüksəldilib və Dövlət himni səsləndirilib. Daha sonra səfir Elxan Qəhrəman Küveytin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşüb və etimadnaməsini əmirə təqdim edib.

Rəsmi mərasimdən sonra keçirilmiş söhbət zamanı səfir prezident İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu deyən diplomat bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Əl-Sabah Azərbaycanın ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu bildirib. Əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. 

Əmir 2009-cu ildə İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin ona bəxş etdiyi xoş təəssüratlardan danışaraq, özünün Azərbaycana səfər etməsinin yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.