KXDR lideri Trampla görüşdən sonra 5 diplomatı edam etdirib

kxdr-lideri-trampla-gorusden-sonra-5-diplomati-edam-etdirib
Oxunma sayı: 2249

Bu ilin fevralında Vyetnamın Hanoy şəhərində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutmuş ikinci sammitdən sonra KXDR-in ABŞ məsələləri üzrə xüsusi nümayəndəsi Kim Hyok Çxol daxil olmaqla 5 diplomat edam olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyada dərc olunan “Chosun Ilbo” qəzeti adını açıqlamadığı şəxsi mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, həmin şəxslər sözügedən zirvə görüşünün hazırlıqlarına cavabdeh olublar. Onlar sammitin uğursuzluqla yekunlaşmasına və rəsmi Vaşinqton adına casusluq etdiklərinə görə Mirim Hava Limanında edam ediliblər.

Qəzet yazır ki, sammit öncəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparan Kim Yonq Çxol adlı yüksək vəzifəli şəxs və zirvə zamanı tərcüməçilik edən Sin Hye Yonq Çin sərhədi yaxınlığındakı ağır islah əmək işləri düşərgəsinə göndərilib.

“Röyters” agentliyi də Kim Yonq Çxolla birlikdə çalışan səlahiyyətli şəxslərin zirvənin keçirildiyi tarixdən bugünə qədər ictimaiyyət qarşısına çıxmadıqlarına dair xəbər yayımlayıb. 

Xatırladaq ki, 27-28 fevral tarixlərində Vyetnamın Hanoy şəhərində ikinci ABŞ və KXDR zirvəsi keçirilib. Tərəflər sammitin yekunları üzrə razılığa gələ bilməyiblər. Belə ki, ABŞ hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi üçün bu ölkədən Koreya yarımadasının nüvə silahından tamamilə təmizlənməsini şərt kimi irəli sürüb.