“La Scala” Netrebkonu tamaşalardan kənarlaşdırdı

la-scala-netrebkonu-tamasalardan-kenarlasdirdi
Oxunma sayı: 3258

İtaliyanın “La Scala” teatrı Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebkonu mart tamaşalarından kənarlaşdırıb.

“Qafqazinfo” İtaliya mətbuatına istinadən xəbər verir ki, teatr rəhbərliyi bu qərarı artistin səhhətində yaranmış problemlərlə əlaqələndirib. Opera divası 9, 12, 16 və 19 mart tarixlərindəki tamaşalarda iştirak etməyəcək. Onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov da məşqlərdə olmayıb.

Netrebko xəbəri instaqram səhifəsində şərh edib: “Mən sağlamam, amma gəlməyəcəyəm”.

Opera divası, həmçinin Bavariya operasının tamaşalarından da kənarlaşdırılıb. Bu addım Netrebkonun Ukraynadakı hərbi əməliyyatları açıq şəkildə pisləməməsi səbəbindən atılıb.

Daha əvvəl Anna Netrebko Ukraynadakı vəziyyəti şərh edib. O, instaqramda yazıb ki, ölkəsini sevir, amma eyni zamanda Ukraynadakı insanlar üçün həyəcan keçirir və müharibəyə qarşıdır. Opera divası əlavə edib ki, artistləri və digər ictimai xadimləri bu məsələyə dair fikir bildirmələrinə məcbur etmək qəbuledilməzdir:

“Bu, hər kəsin azad seçimi olmalıdır. Mən də digər həmkarlarım kimi, siyasətçi deyiləm. Mən musiqiçiyəm və mənim məqsədim siyasi fikir ayrılıqlarını aradan qaldıraraq insanları birləşdirməkdir”.

Həmçinin oxuyun: ABŞ-ın məşhur teatrı Netrebko ilə əməkdaşlığı dayandıracaq