“Qafqazinfo” xəbər verir ki, 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, 60 min nəfərə yaxın sakini öz doğma torpağından didərgin salıb. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. 72 min hektarlıq yaylaq sahəsi olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün əmlakı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Laçın rayonunun hazırda 74 min nəfərdən çox sakini 23 ildir ki, məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məskunlaşıb. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər