Laçına su belə çəkilir - Fotolar

lacina-su-bele-cekilir
Oxunma sayı: 4457

Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir.

“Azərsu”dan “Qafqazinfo”ya verilən məlumata görə, eyni zamanda, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.

Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyədək magistral su kəmərinin tikintisi üzrə işlərin 70 faizi başa çatdırılıb. Şəhərə içməli su pilləli nasoslar vasitəsilə çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində 3 nasos stansiyası inşa edilir.

Laçın şəhərində məskunlaşacaq əhalinin, idarə və müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı məqsədilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılır.

Layihəyə əsasən Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42 kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik hissəsi inşa edilib. 4 km yağış su xətlərinin və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 7 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi də yekunlaşıb. Hazırda məhsuldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Laçın şəhərində formalaşacaq tullantı suları bu qurğuda ekoloji baxımdan tam təmizlənib kənarlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırılması nəzərdə tutulur.

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemi ilə təmin ediləcək. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.