Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.
O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.
***
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Laçındakı mina hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, aprelin 12-də Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son xəbərlər
Son Xəbərlər