Lahıc-İsmayıllı yolunda hərəkət qismən bərpa edildi - Video-Yenilənib

lahic-ismayilli-yolunda-hereket-qismen-berpa-edildi
Oxunma sayı: 5981

İsmayıllıda bu gün yağan güclü yağış sel gətirib.

“Qafqazinfo” xəbər verir ki, sel rayonun bir neçə kəndində və Lahıc qəsəbəsində fəsadlara səbəb olub.

Hadisə nəticəsində təsərrüfatlar dağılıb, o cümlədən bir neçə iri və xırdabuynuzlu heyvanlar tələf olub.

Bundan başqa İsmayıllı-Lahıc yolu bağlanıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

***

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.

“Qafqazinfo” xəbər verir ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.