“Lapşinin ekstradisiyası qeyri-adi hadisə effekti doğurub” - Bahar Muradova

lapsinin-ekstradisiyasi-qeyri-adi-hadise-effekti-dogurub
Oxunma sayı: 1060

Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsini haqqın, ədalətin, hüququn qələbəsi adlandırıb.

"Qafqazinfo" xəbər verir ki, sədr müavini Modern.az-a açıqlamasında kimliyindən asılı olmayaraq hamının qanun qarşısında cavabdeh olduğunu bildirib:

“Lapşinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçılığı dəstəkləyən çıxışlarına görə haqqında cinayət işi açılması və onun ölkəmizə ekstradisiya edilməsi hər şeydən əvvəl beynəlxalq hüququn, haqqın, ədalətin qələbəsidir. Hansı ölkəyə mənsubluğundan və hansı ölkəyə qarşı cinayət törətməsindən asılı olmayaraq bu hər kəsə şamil edilməlidir"

Vitse-spiker hazırda dünyanın çox ciddi təhlükələrlə üz-üzə olduğunu qeyd edib:

“Qanunsuzluğun hüququ, ədalətsizliyin ədaləti üstələməsi, cinayətlərin artması, cinayətkarların məsuliyyətdən yayınaraq cəzasız gəzməsi o qədər adiləşməkdədir ki, indiki məqamda Lapşinin Azərbaycana ekstradisiya olunması qeyri-adi hadisə effekti doğurub. Hesab edirəm ki, bu çox normal, təbii, hüquqa söykənən qərardır. Hər kəs bunu belə qəbul etməlidir”.

B.Muradova bu ekstradisiyanın iki ölkə arasında bağlanmış hüquqi sənədlərə əsaslandığını vurğulayıb:

“Bu günlərdə belə bir məlumat oxudum ki, Ukrayna vətəndaşına qarşı cinayət törətmiş Azərbaycan vətəndaşı həmin ölkəyə ekstradisiya olunub. Bu, ölkələr arasında imzalanan sənədlərə əsasən həyata keçirilir. Ona görə də bu kimi hallar birinin digərinə qarşı simpatiyası kimi qiymətləndirilməməlidir. Hesab edirəm ki, Belarus hüquq-mühafizə orqanları çox obyektiv bir qərar qəbul ediblər. Əminəm ki, qərar indiyə qədər bu kimi hərəkətlərə yol vermiş və yol vermək niyyətində olanların həmin addımı atmazdan əvvəl düşünməyə vadar edəcək".