“Las Vegas”da sudan qanunsuz istifadə aşkarlandı - Fotolar

las-vegasda-sudan-qanunsuz-istifade-askarlandi
Oxunma sayı: 3068

Bakı - Quba yolunda yerləşən "Las Vegas" restoranında suyun talanması faktı aşkar edilib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan restorana çəkilmiş 32 mm diametrli boru ilə sudan qanunsuz istifadə edib. Oxşar vəziyyət Asfaltzavod adlanan ərazidə fəaliyyət göstərən daş sexində də aşkarlanıb. Bu obyektin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan uçotsuz istifadə edib. Çerkassi küçəsində yerləşən avtomobil təmiri sexinin sahibi də fərdi xəttini özbaşına şəbəkəyə qoşub.

Həmçinin oxuyun: В Италии среди бананов нашли тонны кокаина - Отправлялись в Армению

Nəzarət tədbirləri zamanı kommersiya obyektləri ilə yanaşı, fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Xəzər bağları adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su şəbəkəsinə qeyri-qanuni birləşmələr verərək mənzilləri içməli su ilə təmin edib.

Aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında 4817, Sumqayıt şəhərində isə 72 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.