İyulun 23-də Latviyanın paytaxtı Riqada Azərbaycan Ticarət Evi açılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.
Açılış mərasimində çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviyada "Azərbaycan Ticarət Evi"nin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Latviyada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycanın “Kaslar” MMC və “Bina Aqro” MMC şirkətləri ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair Anlaşma Memorandumları imzalanıb.


Son xəbərlər
Son Xəbərlər