Lənətə gəlmiş Nataşalar

lenete-gelmis-natasalar-
Oxunma sayı: 4038



Son günlərin iki gündəmi var: Bir özünü körpüdən atanlar, asanlar, kəsənlər, yandıranlar, bir də mollalar, cadügərlər, fala baxıb cin çıxaranlar. 

Bunlar o qədər güclənib ki, artıq manşetlərdən düşməyən “Filan rayonda ata, əmi, dayı, qardaş bacısını, qızını zorladı” başlıqlı xəbərlər kölgədə qalıb. Əslində təəccüblü heç nə yoxdur. Televiziyasında hər qalustuk, eynək taxanı ona-buna qeyrət dərsi keçəndə, dindən danışanda, ağıl öyrədəndə, efiri məsləhətxanaya çevirib molla basanda həmin ölkənin vətəndaşları da ya özünü körpüdən atmalı, ya yandırmalı, ya da ana-bacısını zorlamalıdır. 

Təbrizdə taksidə bir minarənin önündən keçəndə sürücü dedi ki, bura mollaların yığışdığı yerdir, keyxana. Qayıtdım ki, bax nə gözəl düzgün, yaraşan ad seçiblər, keyxana. Gülümsəyib dedi ki, yalnış eşitdiniz, kərxana deyirəm. 

  Hə, bugünlərdə yaxınlarımla Təbrizə yollanmışdım. Mövzuya başlamazdan əvvəl qeyd edim ki, taksi sürücülərini hər zaman xalqxəbər informasiya mənbəyi kimi qiymətləndirmişəm. İstəsən də, istəməsən də onlar söhbət etməyə mütləq bir mövzu tapıb başıvı şişirəcəklər. Aralarında bəzən dindirməsən dinməyən sürücülər də olur. Özgə bir məmləkətə getmisinizsə, dilinizi bilən xoşsöhbət sürücü göydəndüşmə olur. Olduğunuz ölkə ilə bağlı çox şey öyrənirsiniz. Məsələn, bilmirəm neçənci dəfə əmin oldum ki, əhali çoxluğu nisbətini müsəlmanlar üstünlük təşkil edən ölkələrdə hər zaman haqsızlıq, zülm, diktatoriya, tamahkarlıq, ac gözlük və cəhalət baş alıb gedir. Qardaş dedi ki, Əhmədinejadın vaxtında Təbriz çox çalışdı ki, Azərbaycana birləşsin, amma qoymadılar. Bu səbəblə neçə-neçə insanlar öldürüldü, müxaliflər susduruldu. 

Sürücünün  30-35 çox yaşı olardı. Subay idi. Xeyli gileyləndi ki, ev almaq çətindir, camaat acdır və s. Eynən Azərbaycan. İndi Türkiyə və bir sıra Avropa ölkələrində ev ucuzdur, nəinki Azərbaycanda. Axırda da qayıtdı ki, Amerika ilə münasibətləri korladı(Mahmud Əhmədinejad), daha bizə heç bir ölkə etibar etmir. İndən belə İranla Azərbaycan çətinki düzəlib normal ölkə ola. Amma yaxşı tərəflərini də saydı ki, İranda işıq söndü, qaz keçdi söhbəti olmur. Əslində təəccüblənməzdim, əgər öz ölkəmiz neft-qaz ehtiyyatı ilə zəngin olan ölkə olduğu halda qaz üzünə həsrət qalan Bakı kəndləri, rayonları olmasaydı. Deyərdim ki, təbii haldır. Belə də olmalıdır. Axı İran qazın dünyada və həmçinin Asiya bölgəsində cəm olduğu ikinci möhtəşəm ehtiyatlara sahib ölkədir.

Qaz demişkən, bir də gündəmimizi əhatələyən qazdan boğulub ölənlərdir. İranda bir çayxanada borusuz qaz peçi istifadə etdiklərini gördüm. Təəccübümü saxlaya bilməyib soruşdum ki, havaqovucu boru olmadan bunu necə istifadə edirsiniz? İyi, “uqarı” vurub niyə öldürmür axı sizi? Dedilər ki, biz elə şey bilmirik. İyi zadı da gəlmir. Bir xeyli oturduq, doğurdan da bir misqal qaz qoxusu hiss etmədik. 
Qaz mütləq şəkildə ilkin olaraq emal mərhələsindən keçirilməlidir. Hətta qazdan yanacaq kimi istifadə edildikdə belə onu magistral qaz kəmərinə buraxmamışdan əvvəl qurudulub, təmizlənilməlidir. Bizim istifadə etdiyimiz qaz ərəzisinə görə fərqli keyfiyyətdədirmi, yoxsa yaxşı distillə olunmuş qaz başqa dövlətlərə satılır, keyfiyyətsiz hissəsi bizəmi qalır? Bilmirəm, babalları öz boyunlarına.   

Müsəlmanlardan danışmışkən, o günlərdə ağlıma bir şey gəldi. Deyirəm ki, indi biz güya demokratik dövlətik də. Həm də islam dövləti sayılmayan, amma əhalisinin 95%-i güya müsəlman olan dövlət. Azərbaycanda doğulan hər oğlan uşağının hüququ pozulur. Yox onu demirəm ki, neft-qaz ölkəsində nəinki oğlan bütün qadınlı, kişili əhalisinin hüququ pozulur, o ayrı. Ancaq ayın günlərinə də bölsək günə heç məktəblərdə satılan bir bulka, bir kolbasa dilimi düşməyən, dilənçipulu kimi uşaqpulu yazırlar hər uşağa. Deyirəm ki, qızların bütün hüququnu pozsalar da, bir bilməyərəkdən din seçə bilmək hüququnu saxlayıblar. Belə ki, doğulan hər oğlan uşağı əvvəllər ən gec 8-10 yaşına kimi sünnət olunsa da, indi elə anadan olan kimi sünnət edib, bugündən sən müsəlman oldun deyirlər. Sözün düzü mən hələ dəqiqləşdirə bilməmişəm sünnətin əleyhinəyəm, yoxsa leyhinə. Bəlkə də bu mövzuda feminist yanaşıb çox mövzuda bizim hüququmuzu tapdalayırsınız, bəylər, qoy bu mövzuda da sizin hüququnuz tapdalansın deyə düşünmüşəm. Ya da heç düşünməyib, bunu da kişilər düşünsün demişəm. Amma hələ indiyə kimi bu mövzuda düşünən nə qadın, nə də kişi ilə rastlaşmamışam. Bir tərəfdən düşünəndə ki, sünnət yaxşıdır. Çünki eşitdiyim qədəriylə indi çox uşaqda sidik kanalının ağzına duz yığışır və sünnət olunmamış körpələr bundan əziyyət çəkirlər. Sünnətdən olunduqdan sonra bu problem həll olur. Digər tərəfdən də bilirəm ki, sünnət seksual münasibətdə orqasm həzzini iki dəfə azaldır. Nə bilim, baxın da indi, özünüz qərar verin nə qədər haqsızlığa uğrayırsınız, ya yox. Yəni qızlar ata-anası müsəlman olsa da, özləri əgər namaz qılmır, oruc tutmur, dini ayinlərə riayət etmirsə, demək ki, ağılları kəsənə, böyüyənə qədər dinsizdirlər. Böyüdükdən sonra artıq özləri düşünüb qərar verə bilər ki, bu xiristian, buddist, müsəlman və s. dini seçimi nədir. Amma oğlanlar istəsələr də, istəməsələr də ata-analarının “Palaza bürün, el ilə sürün” misalına sadiq qalmaları nəticəsində müsəlman olurlar. Böyüyəndə onlar dinlərin dəyişsələr belə orjinal dinli, birinci əl dindar olmurlar. Dönmə olurlar. Müsəlmanlıqdan dönmə xiristian, buddist və ilaxır. 

Xiristian qardaş və bacılarımız isə çox mövzuda bəxtləri gətirsə də, bu olmazın vacib, həyat qədər dəyərli dinlər mövzusunda qadınları da şanssızdırlar. Doğulandan bir-neçə gün sonra qadınlı-kişili xaç suyuna salınıb, xiristian olurlar. 

Qayıdım Təbrizə. Deyim ki, müalicə məqsədi ilə hər kurs ora üz tutduğumdan bu ilk gedişim deyildi. Orada yaşayan bir qohumum da olmadığından hər dəfə eyni oteldə gedib qalırıq. İlk gedəndə elə bilirdilər rusam. Bir-birinin qolunu dümsüklüyərək Nataşa-Nataşa deyə sakit fısıldasalar da, mimikalarıyla özlərini ələ verirdilər. İran qadınları saçlarını saraltsalar da, ora insanının hamısının rəngi buğdayı və ya qaradır deyə bəyaz üzlü, sarı telli hər qadını rus bilirlər. Müsəlman bəylər digər millətlərin qadınlarına nə qədər yüngül yanaşsalar da, heyranlıqlarını qeyri-iradi olaraq gizləyə bilmirlər.  
Qərəz, ötən gedişimdə oteldə otaqda geyinmək üçün süngər materiallı çəkələklər vardı. Bu dəfə baxdım ki, çəkələklərin hamısının burun hissəsini üçbucaq kəsiblər. Sonra otağı təhvil verəndə soruşdum ki, bunları niyə belə edibsiniz? Elə bil siçan yeyib. Dedi ki, bəs çəkələkləri oğurlayıb özləri ilə aparırlar deyə belə edirik. Yaxşı bir şey alıb qoymalı deyil. Nə xoşlarına gəlsə, çantalarına yığıb aparırlar. Dəli bir gülmək tutdu burda. Sonra duruxdum və utanc duydum. Düşündüm ki, bunu bir rus və ya digər millətlər edərmi? Sanmıram edə. Heç nə... Bir bu məsələ deyil ki, müsəlmanın gözü doymur. Hamısı belə olmasa da, nisbətdə çoxluq budur. Sonra da başqa millətlərə, xalqlara, dinlərə heyranlığı qınayırıq...

Mollaya gedirik, cadu da edirik, yenə də karə gəlmir. Lənətə gəlmiş Nataşalar, cin kimi giriblər ərlərimizin ürəyinə!