Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə qeyri-leqal yollarla ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
"Qafqazinfo" DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb. Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Əlavə edilib ki, Balakəndə son 1 ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.