Lənkəranda keçirilən “Avropa Günü” (Şuman günü) tədbirlərinin ikinci günü, mayın 7-də Lənkəran Dövlət Universitetində (LDU) tələbələr üçün Çex, Fransız, Litva, Fin, Portuqal və İngilis dillərində təlim kursları təşkil edilib.
İH-dən “Qaqazinfo”ya daxil olan xəbərə görə, Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin sədri xanım Malena Mard, Aİ-ə üzv olan xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra rəsmiləri Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhərin Gənclər Mərkəzində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Konfransda jurnalistlərin Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafını dəstəkləyən proqramla bağlı səsləndirdikləri sualı cavablandıran xanım Malena Mard bildirib ki, Proqramda Lənkəran rayonunda kənd təsərrüfatı ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafı da nəzərdə tutulub. 6-7 aydan sonra Lənkəranda həmin proqramın müzakirəsi keçiriləcək. M.Mard çıxışı zamanı həmçinin “Avropa Günü”nün keçirilməsi üçün göstərilən qayğı və diqqətə görə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını çatdıraraq deyib:”Birinci dəfədir ki, Lənkərana gəlirəm. Elə ilk təəssüratdan bu diyara vuruldum. Lənkəranın ürəkoxşayan mənzərəsi, könül açan xoş havası, çimərliyi, dənizi məndə məmnunluq yaratdı. Düşünürəm ki, yaxın aylarda ailə üzvlərimlə birlikdə Lənkərana istirahətə gəlim”.
Mətbuat konfransı başa çatdıqdan sonra Gənclər Mərkəzində tamaşaçılar üçün Hollandiya istehsalı olan “Təsadüflərin bir-biri ilə bağlılığı” və Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmişsiniz” filmləri nümayiş etdirilib.


Son xəbərlər
Son Xəbərlər