Fevralın 5-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputat Rüfət Quliyev və iştirak edib.
İclasda İcra başçısı Taleh Qaraşov “2018-cı ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” geniş hesabat məruzəsi ilə çıxış edib.
O, məruzəsində 2018-ci ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafın uğurla davam etdiyini, gələcək inkişaf üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Hesabat ilində rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 450,9 milyon manata çatıb. Əvvəlki ilə nisbətən 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayedə çalışanların orta aylıq əmək haqqı isə 306 manat təşkil edib.
İcra başçısı ötən il rayonda ümumilikdə 3360 yeni iş yerinin açıldığını, onlardan 2754-nün daimi iş yerləri olduğunu diqqətə çatdırıb.
Məruzədə yaşayış məntəqələrinin kütləvi qazlaşdırılması, elektik təsərrüfatının müasirləşdirilməsi, yeni su xəttlərinin çəkilməsi hesabına əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının xeyli yaxşılaşdığını önə çəkib.
İcra başçısı ötən il aqrar sahədə də işlərin uğurla davam etdiyini, 105,1 milyon manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunduğunu və bunun 2017-ci ilə nisbətən 1,1 faiz çox olduğunu vurğulayaraq rayonda çəltikçiliyin inkişafına göstərilən dövlət qayğısının torpaq sahiblərində bu sahəyə marağı artırdığını qeyd edib. Ötən il 826 hektarda çəltiyin əkildiyini, bunun 2017-ci illə müqayisədə 300 hektar çox olduğunu bildirən natiq cari ildə çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılacağının nəzərdə tutulduğunu və yığılacaq məhsulun emalı üçün müasir tipli 3-cü çəltik zavodunun da artıq istifadəyə verildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ötən Separadi kəndində 92 min ağacın əkildiyi yeni sitrus bağı, Osakücə kəndiində 50 hektara çatdırılmış çay plantasiyası aqrar sahədə işi genişləndirməklə yanaşı əlavə iş yerlərinin də açılmasına səbəb olub.
Məruzədə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ötən ildən başlayaraq uzun fasilədən sonra ilk dəfə olaraq rayonda barama istehsalına başlanıldığı və 3,7 ton yüksək keyfiyyətli barama istehsal edildiyi də əksini tapıb.
Ötən ilin sonlarında çoxlu qonaqların, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin və turistlərin iştirak ilə keçirilən ikinci ənənəvi “Çay, çəltik, sitrus festivalı”nın gələcək uğurlara çağırış kimi lənkəranlıları yeni zəfərlərə ruhlandırdığını söyləyən natiq 2019- 2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair yeni 4-cü Dövlət Proqramına əsasən Lənkəran rayonunda da sosial yönümlü layihələrin icra olunacağını, tikinti-abadlıq işlərinin geniş vüsət alacağını diqqətə çatdırıb.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub və Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
