Aprelin 12-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda “2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr“ mövzusunda məsələ müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, Şuranın sədri İcra başçısı Taleh Qaraşov yığıncağı açaraq bildirib ki, aprel ayının əvvəllərində erməni silahlı dəstələri cəbhə bölgəsində növbəti dəfə təxribat törədərək atəşkəsi pozublar. Təxribatın qarşısını alan Azərbaycan silahlı qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, nəticədə bir neçə yaşayış məskəni və strateji əhəmiyyətli yüksəkliklər azad olunub. Lakin mənfur düşmənə qarşı vuruşmada Milli Ordumuzun, o cümlədən Lənkəran rayonundan hərbi xidmətə getmiş əsgərlərdən şəhid olanlar da olub. İcra başçısının təklifi ilə yığıncaq iştirakçıları bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
2016-cı ilin dərin iqtisadi islahatlar ili elan edilməsini qeyd edən Taleh Qaraşov Prezident tərəfindən yeni sosial yönümlü dövlət proqramlarının, işsizliyin qarşısının alınması üçün özünüməşğulluq proqramının, sosial mənzil tikintisi proqramlarının qəbul olunmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən söz açan İcra başçısı bu istiqamətdə Lənkəran üçün ənənəvi olan faraş tərəvəzçiliyin, çayçılığın və sitrusçuluğun inkişafı üçün atılan addımlardan bəhs etib, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, torpaqların birləşdirilməsinin və burada xarakterik əkinlər keçirməyinin, iqtisadi cəhətdən səməli təsərrüfat növü olan baramaçılığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Məruzədə və məruzə ətrafında çıxışlarda 2016-cı ilin 1-ci rübündə rayonda sosial-iqtisadi inkişafın davam etdiyi qeyd olunmuş, sənaye müəssisələrində, nəqliyyatda, aqrar sahədə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaranmış əlverişli şəraitdən və s. məsələlərdən ətraflı bəhs edilib.
İcra başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı,müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər
Son Xəbərlər