Lənkəranda I rübün yekunları müzakirə edilib - Fotolar

lenkeranda-i-rubun-yekunlari-muzakire-edilib
Oxunma sayı: 659

Aprelin 17-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə 2017-ci ilin I rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, 2017-ci  ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər artan templə davam edib və ümumi məhsul istehsalı artıb, sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu nəticələr qazanılıb.

İcra başçısı qeyd edib ki, I rüb ərzində rayonda ümumi məhsul buraxılışı 61 milyon 185 min manat təşkil edib, sənayedə 7,8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 1,6 faiz artaraq ümumi həcmdə onun xüsusi çəkisinin 66,5 faiz təşkil etdiyini diqqətə çatdırıb. 

Məruzə ətrafında müzakirələrdə rayonun kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, Telekommunikasiya qovşağının rəisi Şahlar İsmayılov, Yuxarı Xanbulançay Hidroqovşağı İdarəsinin rəisi Allahyar Salayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Maarif Bayramov çıxış edərək fikir və mülahizələrini bildiriblər. 

Şura iclasını yekunlaşdıran ŞİH-nin başıçısı Taleh Qaraşov idarə, müəssisə və təşkilat rəhbərlərinə görülmüş işlərdən arxayınlaşmamağı, öz vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalarını tələb etməklə bir sıra tövsiyələrini də söyləyib.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.