Lənkərandakı qəzaya inək səbəb olub - Fotolar

lenkerandaki-qezaya-inek-sebeb-olub
Oxunma sayı: 643

Xəbər verdiyimiz kimi, avqustun 16-da səhər saat 6 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verən ağır avtonəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Astara rayonu istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes” avtomaşınla Ələt istiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomaşın toqquşub. Qəza nəticəsində “VAZ”-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alanlar-Astara rayon sakini, “Mercedes”in sürücüsü, 33 yaşlı Rüstəm Süleymanov, sərnişinlər-Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, “VAZ”-ın sərnişinləri Elməddin Əlizadə və Facir Mahir oğlu təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan iki nəfəri dərhal əməliyyata götürülüb. Onlardan biri - Facir Mahir oğlunun vəziyyəti ağır olaraq qalır.
Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan “VAZ”-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Baş vermiş ağır avtonəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən sürücülərdən biri onu vurub və idarəetməni itirərək digər avtomaşına çırpılıb.