Leriklilər Babək Hüseynova dəstək oldular - Fotolar

lerikliler-babek-huseynova-destek-oldular
Oxunma sayı: 2534

78 saylı Lerik seçki dairəsindən namizəd Hüseynov Babək Meyxos oğlunun seçki qabağı təbliğat-təşviqat kampaniyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, deputatlığa namizəd yanvar ayının 31-i rayonun Büzeyir kəndində, fevral ayının 1-də isə Lerik Mədəniyyət evində seçiciləri ilə görüşüb. Hökm sürən kəskin, qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, rayon əhalisi, ağsaqqal və ziyalıları, Babək Hüseynovun görüşünə böyük rəğbət və sevinc hissi ilə gəliblər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan professor, tibb elmləri doktoru Qurbanxan Müslümov Babək Hüseynovun keçdiyi həyat yolundan, gördüyü xeyirxah işlərdən danışaraq seçicilərə geniş məlumat verib:

 “Babək Hüseynov Azərbaycan xalqının və Lerik rayonunun dəyərli yetirməsidir. Mən əminəm ki, Babək müəllimin ilk hədəfi vətənimiz Azərbaycan, digər hədəfi isə, adı ilə fəxr etdiyimiz, burada doğulmağımızla fəxr etdiyimiz Lerik rayonumuzdur. Babək müəllim heç vaxt evində haram çörək yeyilməyən, Lerik camaatının pənah yeri olan, qapısına ümid üçün gəlib naümid qayıtmayan bir insanın övladıdır. Hacı Meyxos kişinin evi bütün rayon camaatının dar günündə sığındığı ocaq olub”.

Daha sonra Babək Hüseynov belə çətin hava şəraitində həvəslə onun görüşünə gələn insanlara, ona göstərdikləri isti münasibətə, diqqət və ehtirama görə dərin minnətdarlığını bildirərək çıxışa başlayıb:

 “Cənab Prezident tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı çərçivəsində ölkənin hər yerində olduğu kimi, Lerik rayonunda da avtomobil yollarının, qaz və su xətlərinin çəkilməsi və digər problemlərin həlli ilə bağlı işlər müfəvəqiyyətlə və ard-arda icra olunur. Bütün bunlar Prezidentin tapşırığı ilə həyata keçirilir və birbaşa onun diqqət mərkəzindədir. Xatırlatmaq istəyirəm ki, Prezident Lerik rayonuna 4 dəfə səfər edib. Bu, ölkə başçısının rayonumuza olan isti münasibətini göstərir. Hamımız bilirik ki Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunu layiqincə davam etdirən İlham Əliyev Lerik xalqının dostudur. Lerik camaatı da, öz növbəsində, hər zaman bu siyasi kursa sadiq qalaraq Prezidentin ətrafında sıx birləşib. Lerik yeganə rayondur ki, burada müxalifət nümayəndəsi tapmaq, demək olar ki, mümkün deyil”.

Daha sonra rayon əhalisinin çıxışları dinlənilmiş, onları narahat edən məsələlərin həlli istiqamətində fikir mübadilələri aparılıb. Görüş iştirakçıları daha çox sənədləşmə məsələlərindən narazı olduqlarını ifadə ediblər. Babək Hüseynov bu məsələnin daim İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirib:

“Prezidentin bu məsələlərlə bağlı çox saylı sərəncamları və tapşırıqları var. Həqiqətən, bunlar insanların sosial rifahının yaxşılaşdırılmasına yönələn proqramlardır. Bu, birmənalıdır. Lakin bu sərəncamların yerlərdə hansı qaydada, doğru və ya yanlış icra olunması başqa məsələdir. Bununla bağlı bizim platformamızda xüsusi bir hissə qeyd olunub. Bu gün Prezidentin tapşırığı və Birinci vitse-prezidentin təşəbbüsü ilə Dost mərkəzləri yaradılır. Dost mərkəzlərinin yaradılması vətəndaş məmnuniyyətinin artırılmasına və digər neqativ halların aradan qaldırılmasına xidmət göstərir. Bakıda istifadəyə verilən Dost mərkəzlərində insanlara çox gözəl xidmət göstərilir. Biz də Lerik camaatı olaraq aidiyyatı orqanlardan belə mərkəzlərdən birinin də məhz Lerik rayonunda açılmasını xahiş etməliyik. Ölkə başçısının siyasəti ancaq yeniliyə, problemlərin innovativ həllinə yönəlib”.

Tədbirdə çıxış edən əməkdər müəllim Tarqulu Bağırov Babək Hüseynovun fəaliyyətini və platformasını yüksək qiymətləndirərək, onu Lerik seçicilərinin “Tək namizədi” adlandırıb:

“Bizim istəyimiz odur ki, Lerik rayonundan seçilən deputat Prezidentin ölkədə həyata keçirdiyi sosial- iqtisadi islahatların rayonumuzda da yüksək səviyyədə icra olunmasına, Milli Məclisdə ölkəmiz üçün əhəmiyyətli olan qanun lahiyələrinin hazırlanmasına dəstək olsun. Biz yaşlı nəsil ölkə başçısını və onun gəncləşmə siyasətini ürəkdən dəstəkliyirik. Əziz gənclər! Gələcək sizin əlinizdədir. Babək Hüseynov Lerik camaatının tək və yekdil namizədidir! Seçki günü biz hamımız məntəqələrə yalnız Babək müəllimə səs verməyə gedəcəyik. Bizə onun kimi millət vəkili lazımdır”.

Sonda Babək Hüseynov bir daha bütün tədbir iştirakçılarına təşəkkür edərək, seçkidə aktiv olmalarını və ölkədə gedən bu islahatlara biganə qalmamağı tövsiyə edib.

Tədbirin sonunda insanlarla səmimi söhbətlər aparılıb və xatirə şəkilləri çəkilib.