“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Leyla Əliyeva “Baku” jurnalının redaktor səhifəsində yazıb.
Ənənəyə görə, “Baku” jurnalının builki birinci nömrəsi jurnalın baş redaktoru Leyla xanım Əliyevanın öz oxucularına “Gözəl əhval-ruhiyyə” başlıqlı müraciəti ilə başlayır. Leyla Əliyeva bakılıların Yeni il ovqatından, Bakının musiqi ənənələrindən söz açaraq bu dəfə də Azərbaycanın paytaxtını təkrar-təkrar öz oxucularına sevdirir. Şəhərimizin musiqi mədəniyyətinin özünəməxsusluğundan danışan Leyla Əliyeva yazır: “....Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənib: Beynəlxalq Muğam Festivalının iştirakçılarını və “Gelikon opera”nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində onların zəngin irsini yada salmaq mümkün olub”.
Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan “Üzeyir Hacıbəyli dühasını” xatırlayır. Məqalədə deyilir: “Onun Azərbaycanın musiqi mədəniyyətinə təsiri o dərəcədə güclü olub ki, o Şərq ilə Qərbin bu sintezini hətta milli səviyyədə möhkəmləndirə bilib. Məhz Ü.Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girib, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları ifa edib.
Bəstəkar musiqi təhsili sahəsində də ənənə və novatorluğun harmonik vəhdətinin bünövrəsini qoyub. Məhz belə bir təhsil hazırda bakılılara istər Berlin operasının səhnəsində, istərsə də “Eurovision” mahnı müsabiqəsində parlamaq imkanı verir”.
Leyla xanım yazır ki, “bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomen təsir göstərmişdir. Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur.