Leyla Yunus və əri Azərbaycandan getdi - Yenilənib

leyla-yunus-ve-eri-azerbaycandan-getdi
Oxunma sayı: 8980

Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxan "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus bu gün Hollandiyaya gediblər.

“Qafqazinfo” xəbər verir ki, Yunusların vəkili Elçin Sadıqov bu barədə sosial şəbəkədə məlumat yayıb: “Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar. Hər iki böyük insanı təbrik edirəm, onlara Allahdan şəfa və uzun ömür arzulayıram.Təbii ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək”.

Hollandiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Leyla və Arif Yunus őzləri istədikləri qədər Hollandiyada qala bilərlər, siyasi sığınacaq da műmkűn variantdır.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

***

E. Sadıxov məsələ ilə bağlı növbəti açıqlama yayıb: “Ali Məhkəmə ilə əlaqə saxladım. Dünən Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə kassasiya şikayətinin baxılıb və kassasiya şikayəti təmin edilərək Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib. Şikayətə təcili baxıldığı üçün məhkəmə baxışı barədə bizə məlumat verilməyib”.