“Qafqazinfo” ya daxil olan bəyanatda bildirilir ki, dünən axşam saatlarında Azərbaycanın tanınmış insan hüquqları müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı politoloq Arif Yunus Bakı hava limanında qanunsuz olaraq saxlanmışdır.
Saxlanma zamanı onlara qarşı qeyri – insani hərəkətlərə yol verilmiş və hər iki şəxsə qarşı ciddi psixoloji təzyiqlər edilmişdir. Nəticədə, A.Yunus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməli olmuşdur.
Qeyri – qanuni saxlanma zamanı hüquq müdafiə orqanları əməkdaşlarının L.Yunusa qarşı əxlaqa zidd hərəkətləri mövcud hakimiyyətin əsl simasının göstəricisi kimi qiymətləndirmək olar.
Məlum olduğu kimi, L.Yunus müasir dövr Azərbaycan tarixində ölkədə insan hüquqlarının müdafiəsi sahəsəində fəaliyyət göstərən, çox az sayda olan prinsipial və professional hüquq müdafiəçilərindən biridir.
Hakimiyyət orqanları L.Yunusa qarşı “Vətənə xəyanət” itthamı irəli sürməyə cəhd göstərir. Hələ aprel ayının əvvəlində tanınmış jurnalist Rauf Mirqədirov həmin ittihamla Azərbaycan Milli Təhlükəsiylik Nazirliyi tərəfindən həbs edilmişdir. Xatırladaq ki, R.Mirqədirov Sülh və Demokratiya İnstitutunun layihəsi çərçivəsində konfliktlərin dinc vassitələrlə nizama salınması və xalq diplomatiyasının inkişafına dair layihədə aktiv iştirak etmişdir. Hələ o zaman R.Mirqədirovun həbsində əsas hədəfin məhz L.Yunus olduğu məlum idi.
Hakimiyyət orqanlarının L.Yunusa qarşı hərərkətləri birmənalı olaraq onun, peşə fəaliyyəti ilə bağlıdır. Hakimiyyət orqanlarının vandalizm aksiyası əslində, L.Yunusa qarşı qisas hissindən irəli gəlir.
Avropa Azərbaycanlıları Milli Birlik Şurası və Beynəlxalq Haqq və Ədalət Assosiasiyası olaraq bəyan edirik ki biz, L.Yunusa qarşı hakimiyyət orqanları tərəfindən aparılan çirkin və əsassız təzyiqləri pisləyir və birmənalı olaraq L.Yunusu müdafiə etdiyimizi bildiririk. Hakimiyyəti isə, bu çirkin və əxlaqsız addımlara son qoymağa çağırırıq.
L.Yunusa qarşı təzyiqlərələ əlaqədar olaraq, Avropa Azərbaycanlıları Milli Birlik Şurası və Beynəlxalq Haqq və Ədalət Assosiasiyası bütün beynəlxalq təşkilatlara müraciət ünvalayıb və eyni zamanda, avropada kütləvi etiraz aksiyalarına başlayacağını bəyan edir.