Cəbəllütariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları cavab oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, ispaniyalı mütəxəssis Azərbaycan çempionunun daha təcrübəli və güclü olduğunu etiraf edib:
“Qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm də “Qarabağ” klubuna təşəkkürümü bildirirəm. İlk dəqiqələrdən mübarizə bizim üçün çətin oldu. Buna da hazır idik. Uduzmağımıza baxmayaraq, bütün komanda ilə qürur duyuruq. Avropada mübarizə aparan sadə klubuq. “Qarabağ” bu gün qələbəyə layiq idi, çox üstün oyun nümayiş etdirdi. Bu gün əlimizdən gələni etdik. Bundan sonra da belə olacaq”.
O, “Qarabağ”ın turnirdəki şanslarını da dəyərləndirib: “Qarabağ”ın oyununa bələdəm. Onlar bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Növbəti mərhələdə “Rakuv” önündə onlara asan olmayacaq. Amma “Qarabağ” qrup mərhələsinə düşməyə namizədlər sırasındadır”.
Qeyd edək ki, “Linkoln” mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər