Lionel Zetterdən Zəhrayla bağlı milyonlarla oxucuya müraciət

lionel-zetterden-zehrayla-bagli-milyonlarla-oxucuya-muraciet
Oxunma sayı: 858

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə  Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib. Məktubda deyilir: 

“Dünyada o qədər münaqişə var ki, Dağlıq Qarabağ münaqişəsi yaddan çıxıb. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutublar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilib. 

Bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

“The Economist”  jurnalına ünvanlanan məktubda isə vurğulanır ki, Cənubi Qafqaz və Xəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdirlər. Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq etdi:

"Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidirlər. Onlar erməni silahlılarının dinc Azərbaycan əhalisini öldürdüyünü unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər”.