Litvanın baş prokuroru Azərbaycanda səfərdədir - Foto

litvanin-bas-prokuroru-azerbaycanda-seferdedir
Oxunma sayı: 1159

“Tvinninq” layihəsi çərçivəsində Litvanın Baş prokuroru Nida Qrunskienenin rəhbərlik etdiyi və Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkusun daxil olduğu nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

“Qafqazinfo”nun məlumatına görə, mayın 16-da nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət edib. Bundan sonra, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Nümayəndə heyətinin baş prokuror Kamran Əliyevlə keçirilmiş görüşdə Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini bildirib. Aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını və qeyd edilən təcrübənin bu sahədə Azərbaycan Respublikasının qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd edib.

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi və yeni inzibati binası ilə tanış olub, 44 günlük Vətən müharibəsinə həsr olunmuş Tarixi-memorial qalereyasındakı eksponatlar, ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş kriminalistika otağı, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən kitabxana qonaqların marağına səbəb olub.

Daha sonra qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər davam edir.