London, Paris və Berlindən Tehrana çağırış

London, Paris və Berlindən Tehrana çağırış
Oxunma sayı: 1677

Böyük Britaniya, Fransa və Almaniya İranı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Kərəc şəhərindəki obyektinə girişini dərhal bərpa etməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.

"Sentyabrda keçirilən danışıqlar zamanı İranla əldə olunmuş anlaşmaya baxmayaraq, İran MAQATE-nin Kərəcdəki TESA obyektinə girişini qadağan etməkdə davam edir. İranın əldə olunmuş razılaşmaya tam əməl etməməsi son dərəcə narahatlıq doğurur və İranın bu razılaşmaya hazırlığını şübhə altına alır. Biz İranı təcili olaraq MAQATE-nin Kərəcdəki obyektə çıxışını bərpa etməyə çağırırıq”, - bəyanatda deyilir.

Həmçinin Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi Avropa üçlüyünün birgə bəyanatına əsasən, Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqlara qayıdırlar.

“Biz “E3” olaraq iyunda danışıqlardan çıxdığımız mərhələdə işi bərpa etmək üçün xoş niyyət prinsipləri əsasında Vyana danışıqlarına qayıtmağa hazırıq”, - deyə bəyanatda bildirilir.

Vyanada İranın nüvə sazişi üzrə danışıqların növbəti mərhələsi noyabrın 29-na təyin edilib.