Lotereyada udan şəxsin razılığı olmasa, adı açıqlana bilməz

lotereyada-udan-sexsin-raziligi-olmasa-adi-aciqlana-bilmez
Oxunma sayı: 1537

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir:

“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517; 2016, № 3, maddə 422) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.11-ci maddədən “və reklamına” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:

“Maddə 8-1. Lotereyaların reklamı

8-1.1. Lotereyaların reklamının sifarişçisi qismində lotereya təşkilatçısı çıxış edir. Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) üzərində yerləşdirilə bilər.

8-1.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.

8-1.3. Lotereyaların reklamında aşağıdakılar qadağandır:

8-1.3.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

8-1.3.2. lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

8-1.3.3. lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi;

8-1.3.4. lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

8-1.4. Lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

8-1.5. Stimullaşdırıcı lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.

8-1.6. Stimullaşdırıcı lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.

8-1.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır.

8-1.8. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.”.