Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - Fotolar

lukasenko-zarafatla-vezife-teklif-etmisdi-deputat-oldu
Oxunma sayı: 21233

Müxalifət nümayəndələri Belarus parlamentinin aşağı palatasının yeni tərkibinə daxil ola bilməyiblər. “Qafqazinfo” xəbər verir ki, bunu Respublika Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan məlumatlar sübut edir.

Belarus MSK-nın ilkin məlumatına görə, seçici fəallığı 77,2 faiz olub. Parlamentə seçilən ən məşhur namizədlər arasında Liberal Demokratik Partiyasının sədri Oleq Qaydukeviç, “Belaya Rus” ictimai birliyinin rəhbəri Qennadi Davıdko da var. 

Bundan əlavə, Prezident Administrasiyası rəhbərinin müavini Valeri Mitskeviç, Müdafiə nazirinin müavini Oleq Belokonev, Belarusun keçmiş İnformasiya naziri Liliya Ananiç, həmçinin Belarusun Türkiyədəki keçmiş fövqəladə və səlahiyyətli səfiri Andrey Savinih ölkə parlamentinin aşağı palatasının yeni tərkibində fəaliyyət göstərəcəklər.

Bu məqamda bildirək ki,  parlamentdə yer tutanlar arasında diqqət çəkən əsas şəxs “Miss Belarus-2018”in qalibi Mariya Vasilyeviç olub. Gözəllik müsabiqəsində qalib olduqdan sonra tez-tez Prezident Aleksandr Lukaşenkonun iştirak etdiyi tədbirlərdə birlikdə görüntülənən Mariyanın vəzifəyə gələcəyi istisna edilmirdi.

Belə ki, Belarus lideri ötən ilin iyulunda Belıniçax rayonuna səfəri zamanı “Rodina” kolxozuna baş çəkmişdi və 21 yaşlı Vasilyeviç də tədbirə qatılmışdı. Onun o zaman orada nə iş gördüyü KİV və sosial şəbəkələrdə sual olaraq qalmışdı. 

“Rodina” kolxozunun muzeyini ziyarət edən Lukaşenko, Mariya Vasilyeviçin təsərrüfatın ilk sədrinin masasında oturmağı və zarafatla ona kənd təsərrüfatı müəssisəsinə rəhbərlik etməyi təklif etmişdi.

Daha sonra gənc qız jurnalistlərə bildirmişdi ki, əgər Lukaşenko ciddi danışsa və təklif etibarlıdırsa, o, özünü kənd təsərrüfatında sınamağa hazırdır.

Xatırladaq ki, noyabrın 17-də Belarusda Milli Məclisin Nümayəndələr Palatası - parlamentin aşağı palatası üçün seçkilər keçirilib. Vətəndaşlar 110 deputat seçməli idilər. Parlament seçkilərini ATƏT və MDB missiyalarının nümayəndələri izləyiblər. Ümumilikdə, Belarusda parlament seçkilərinə dörd minə yaxın müşahidəçi qatılıb.