Lütfi Zadənin iki kəlməlik həqiqəti

lutfi-zadenin-iki-kelmelik-heqiqeti
Oxunma sayı: 3014


Bu gün Lütfi Zadənin doğum günüdür.

Şübhəsiz, Lütfi Zadə böyük, hətta dahi adamdır. Mən fizik deyiləm, ancaq onu bilirəm ki, adı Nyuton və Eynşteynlə birgə çəkilən insan çox yəqin ki, dahidir. O, sağlığında adına beynəlxaql elmi mərkəz açılan nadir insanlardandır.

Bu gün dahi alimin 93 yaşı tamam olur.

Öz bənzərsiz kəşfləri və ideyaları ilə ən nüfuzlu beynəlxalq şirkətlərə milyonlar qazandıran bu insan olduqca sadə yaşayır. Hətta insanı kövrəldəcək səviyyədə. Dünyanın ən nəhəng ölkəsində, ən böyük elmi instansiyalarda çalışsa da nədənsə Azərbaycansayağı bir kimsəsizlik hiss edirəm  Lütfi Zadədə. Olsun ki, yanılım. Müşahidələrimə əsaslansam, nədənsə narahatdır, ümidsiz və kədərlidir. Səbəbini dəqiq deyə bilmərəm. Bəlkə də, Azərbaycanın Amerikadan daha eybəcər görünən tale yüklü problemləridir. Özü bu barədə danımşır, bəlkə də vətənini pisləməyə ürəyi gəlmir.

Onun səhhəti də yaxşı deyil artıq.

Həkimlər təyyarəyə minməyi qadağan ediblər. 

Buna görə Avropaya təyin edilən elmi konfranslara gələ bilmir. 

Yəqin ki, vətənə gəlmək də onunçün bir az çətin olacaq indən belə.

Dəyərli həmyerlimizə ürəkdən can sağlığı arzu edirəm!

Həm yazıb-yaratmaq, həm vətənə rahatca gəlmək üçün...

Arzu edirəm və onun vətənə son gəlişlərindən birini xatırlayıram. Daha doğrusu son gedişlərindən...

İstedadlı jurnalist Mirşahin Teymurləng çaparı kimi Lütfi Zadənin dalınca aeroportacan getdi. Az qala qaçıracaqadı kişini. Amma çata bildi...

Atüstü söhbət elədi onunla.

Təxminən söylədi ki, ey böyük insan, ABŞ kimi dünyanı idarə edən nəhəng ölkə sizin beyninizə ehtiyac duyur. Axı siz həm də azərbaycanlısız. Niyə susursuz? Niyə bizim barəmizdə heç nə danışmırsız? Axı bizdə niyə alınmadı?

Lütfi Zadə qüssəylə Mirşahinin sifətinə baxıb ikicə kəlmə söylədi:

“Bölüşməyi bacarmadız!”

Mirşahini bilmirəm, mən ekranın qarşısında darmadağın oldum!

Bu, Azərbaycanın müstəqilliyi tarixində eşitdiyim iki sözdən ibarət ən böyük həqiqət idi.